Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn psixoloq Samirə Bağırova Sfera.az-a geniş müsahibə verib.
AZİNFORM.AZ Psixoloqla söhbəti təqdim edir:
- Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?
- Normal bir insana psixoloq lazımdırsa, psixoloqun özünə iki psixoloq lazımdır. Həm şəxsi həyatı ilə bağlı, həm də ona müraciət edənlərin yükünü daşımalıdır axı... Hətta digər ölkələrdə belə bir məsələ var - psixoloq ay ərzində supervizorlara müraciət etməlidir, əks halda, cinayət işi açılır. Çünki sonu intiharla nəticələnə bilər. Bizdə isə belə bir şey yoxdur. İstər həkimlər, istərsə də psixoloqlar hansısa psixoloqa getməyi özünə sığışdırmır. İnsanlar arasında hətta indi-indi dəbə düşməyə başlayıb ki, psixoloqa dəli getmir, normal şəxslər də müraciət edir. Necə ki, mənə heç bir psixoloq müraciət etməyib, mən də etməmişəm. Amma ehtiyacım olmadığına görə yox. Təbii ki, təzə başlayanda problemlər olurdu - çox ağır hekayələr dinləyirsən. İlk başlarda bizim psixoloqlardan birinə müraciət etmişdim ki, məndə belə hallar baş verir. Artıq öhdəsindən gəlmə təməlini tuta bilmişəm, neqativi bloklamağı bacarıram.
- Sosial şəbəkələrdə fenomen birisiniz desək, yanılmarıq. Videolarınız paylaşılır, kimi tənqid edir, kimi həmfikir olduğunu bildirir. Daha çox nəyə görə qınanılırsınız? Sizcə, qadınların sevimlisisiniz, ya kişilərin?
- Ötən günlərdə bir şərh oxudum: Xanımların Hikmət Hacıyevi varsa, kişilərin də psixoloqu var - Samirə Bağırova. O qədər güldüm ki, bu cümləyə. Mən feminist biri deyiləm, yaxud da birtərəfli danışan biri. Paylaşımlarımda həm kişilərdən, həm də qadınlardan söz açıram. Məsələn, axırıncı paylaşımlarımdan biri qadınlarla bağlı idi, bu dəfə bəylər məni qınamağa başladılar. Həmin videoda qeyd etmişəm ki, əl qaldıran, şiddət göstərən kişilərdən uzaq durmaq lazımdır və kişilərin tənqidi ilə üzləşirəm. Bu artıq o kişilərdir ki, onlar bunu edirlər, sərf etmir onlara. İnsanlar danışaraq həll edir məsələni, şiddətlə, mühakimə etməklə, lağa qoymaqla, təhqir etməklə deyil. Mən ola bilər kişilərdən danışım, yaxud xanımlardan, cütlüklərdən, ailə məsələlərindən, valideyn-uşaq münasibətlərindən. Kiminsə qəbul etməməsi və ya əksi normaldır. Beyinlər fərqlidir, kiməsə sərf edir, kiməsə yox. Hamının səni sevməyi normal deyil. Kimsə sənə nifrət etmirsə, sən maraqsız birisən.
- Haqqınızda ən çox rastlaşdığım şərhlərdən biri də Türkan Şoraya bənzədilməyinizlə bağlı idi. Bənzəyirsiniz, yoxsa özünüzü bənzədirsiniz? O aktrisaya heyranlıq var?
- Açığı, Türkan Şoraya heyranlığım olmayıb. Mənim anam onun fanatı idi. Xatırlayıram ki, anam həmişə Şorayın "Arım, balım, peteyim" filminə çox baxırdı. Amma uşaqlıqda çox çirkin olmuşam. Ümumiyyətlə, məni qıza oxşatmırdılar. Deyirdilər guya özümü bənzətməkdən ötrü əməliyyat etdirmişəm. 15-20 ilin şəkillərini paylaşdım gördülər ki, elə həmən dövrdən beləyəm. Bizdə çox qızlar bir-birinə bənzəyir, ona görə də normaldır. Bilərəkdən özümü Türkan Şoraya bənzətmirəm. Makiyaj edirəm, oxşarlıq özü-özündən yaranır. Mənə dedilər makiyajsız şəkil paylaş, etdim, yenə oxşatdılar. Əslində mən Ancelina Coliyə oxşamaq istəyərdim. Amma bilərəkdən nəsə edim, yox. Bir-iki dəfə Türkan Şoray makiyajı etmişəm.
- Əməliyyatlardan söz düşmüşkən, bu gün qadınların əksəriyyəti estetik əməliyyatlara meyllidir. Artıq "hamı bir-birinə oxşayır" deyənlərin sayı da artıb. Niyə qadınlar bir-birinə bənzəməyə üstünlük verirlər?
- Dünyanın hər yerində vəziyyət belədir, tək bizdə deyil. Deyərdim ki, ən böyük bədbəxtlikdir. Sovet dönəmində biri tutaq ki, jaket geyəndə hamı ondan istifadə etməyə çalışırdı. Çünki yox idi və kiminsə üstündə görəndə həsəd aparırdıq. Daha sonra geyim çoxaldı və əksi oldu. Toylara gedəndə xanımlar öz paltarından kimdəsə görəndə depressiya yaşayırlar. Amma qəribə də olsa, görünüş məsələsində hamı bir-birinə bənzəməyə başladı. Bununla bağlı ən çox yeniyetmələr yanıma gəlir, valideynləri gətirir ki, 15-16 yaşı var və burun əməliyyatı etdirmək, çənə uzatmaq istəyir və s. Əgər çox qabarıq şəkildə problem varsa, kompleks yaradırsa, etdirsin, özgüvəni də bərpa olur. Ancaq məsələn, şəkil gətirirlər ki, mən buna oxşamaq istəyirəm, bu artıq psixoloji durumdur. Boşluq var orda, diqqət, sevgi əkslikliyi var. Bir xanım əməliyyata ehtiyacı olmadığı halda, onu edirsə, bununla bitirmir, növbəti əməliyyat istəyəcək. Burda psixologiyanı yoluna qoymaq lazımdı. Axı sən bir başqasan və belə olmaq daha keyflidir. Hər kəs qoy özüm kimi olum, bəyənən onsuz da bəyənəcək deyə bilməlidir. Sən özünü qəbul edirsənsə, hamı qəbul edəcək.
- Samirə xanım, cəmiyyətimizdə cinsi məsələlərlə bağlı boşluq var. Hansısa səbəbdən danışmağa utanırıq. Səbəb nədir, niyə özümüzə yaraşdırmırıq?
- Çox ayıblayırlar. İki il öncə, bölgələrin birində bir qız uşağı menstruasiya dövrü keçirsə də, nə olduğunu bilmədiyinə görə intihar etmişdi. Bir ananın evində qız uşağı böyüyürsə, onu başa salmalıdır. Uşaqlarda 11 yaşından etibarən həyatla bağlı suallar yaranmağa başlayır. Elə sizdən öncə, bir xanım müraciət etmişdi ki, oğlumun 5 yaşı var, sürtünmələri olur, mən onu necə müalicə edə bilərəm. Vurmaq, qışqırmaq, döymək olmaz, o uşaq başa düşmür axı. Sən ona ha denən ki, olmaz, bədənində gedən reaksiyadır, necə başa salasan? Fikrini yayındırmaqla, nağıl danışmaqla və s. Bu dönəm bir də 13-14 yaşlarında, yeniyetməlik zamanında baş verir. Tez inkişaf edən uşaqlar da var. Bununla bağlı valideyn, ana xəbərdarlıq etməlidir. Yaxud oğlandırsa, ata ilə oğul arasında söhbət olmalıdır. Məsələn, tualet tərbiyəsi var - uşaq vaxtı analar qızlarına, atalar isə oğullarına öyrətməlidir. Eləcə də yeniyetməlik dönəmində müəyyən məsələlər başa salınmalıdır. Çünki çox müraciət edənlər var. 23-25 yaşında gəlir deyir ki, mən intihara qərar vermişəm, dözə bilmirəm, bu yükü özümlə daşıya bilmirəm. Niyə? 13-14 yaşım olanda masturbasiya dönəmində qonşu uşaqla sürtünmə olmuşdu, deməli geyəm. Bu adam özünü dərk etmir.
Yanlış informasiya alırlar, ordan-burdan, internetdən. Həmin sürtünmə dönəmini yaşayan xanımlar da var. 13-14 yaş bədənin oyanma vaxtıdır, insan özü də bilmədən masturbasiyaya başlayır. Qızların bir-birilərindən xoşları gəlir sürtünmə yolundan istifadə edirlər. Sonra gəlir ki, mən lezbiyanam. Deyilsən. O elə bir dönəmdir ki, fərqində olmayıb, sublimasiya edə bilməyib və bilmədən qonşu qızı, xala qızı , ya kimləsə bu proses başlayıb. Belə olan halda, dərhal eynicinsli olduqlarını, normal olmadıqlarını düşünürlər. Oğlandırsa deyir "qadın ruhundayam", qızdırsa "kişi ruhundayam". Həmən mərhələnin öhdəsindən gələ bilmir. Çünki hara baxırsan, eynicinsli münasibətlərdən danışılır, reklam olunurlar. Məsələ budur. Valideyn mütləq şəkildə övladına başa salmalıdır, əgər yolunu bilmirsə, psixoloqdan yardım istəmək lazımdır.
Dini baxımdan deyirlər ki, günahdır, siz insanları səhv yola yönləndirirsiz. Xeyr. Bir insan özünə toxunub özünü qəbul etməlidir. Əgər bunu etmirsə, özünə qarşı yadlaşma gedir. Orqanizmində nə baş verirsə, insan onu bilməlidir, normaldır. Bunu o qədər ayıblayırlar, qloballaşdırırlar ki... Xarici ölkələrdə qızlar masturbasiya dönəmində artıq cinsi əlaqəyə girirlər. Bizdə axı mentalitet var, müsəlman ölkəyik. Ona görə də 18 yaşdan icazə verilir ki, bu bədənin tələbatı ödənməlidir - ya evlilik yolu ilə, ya da masturbasiya.
- Uşaqları və yeniyetmələri vurğuladığınız. Amma qadınla kişi arasında da cinsi məsələlərin müzakirə edilməsi ilə bağlı problemlər var. Tutaq ki, qadınlar öz həyat yoldaşına seks ehtiyaclarını deyə bilmir. Düşünür ki, desəm, sabah mənə "fahişə" deyər.
- Xanımlarla söhbət zamanı başa düşürəm ki, hətta onların 90 faizi orqazmın nə olduğunu bilmirlər. Qəribə də olsa deyəcəm. Xanımla kişi evlənir, ilk həyata qədəm qoymağa hardan başlayır? Toy gecəsindən. Yəni cinsəllik insan həyatında önəmli bir faktordur. Hətta dinimizdə də var ki, evləndinsə, sən xanımının istəklərini yerinə yetirməlisən. Bizdə amma pərdə o qədər qalındır ki, bir-biriləri ilə söhbət edə bilmirlər, xəyanətə üstünlük verirlər. Kişilər xəyanət edəndə ikinci qadının yanında tam özləri olduqları kimidirlər. Ailədə başqadılar, özləri deyillər. Sanki bir rol götürürlər üstlərinə, cildə girirlər. Olmazmı ki, sən elə öz həyat yoldaşının yanında özün olasan? Elə təməldən, ikiniz bir araya gəlirsiniz və ehtiyaclar, istəklər barədə danışırsınız. Bəli, bəylər var ki, xanım ondan çox şey tələb etdiyi zaman "bunları hardan bilirsən", "demək ki, məlumatın var" deyəcək. Psixologiyada insan tiplərə bölünür - temperament tipləri var. Kimsə passivdi, kimsə aktivdi və ya daha ehtiraslıdır. Bu artıq onun genetikasından gəlir. Bu baxımdan əvvəldən bunlar danışılmalıdır, belə olarsa, əksinə bir-birilərinə daha da bağlı olacaqlar. Bizdə "qadınla belə şey danışılmaz, olmaz", "qadın az bilməlidir", "övladımın anasıdır" fikri ön plandadır. Arvad kimi baxırlar, amma xanım kimi yox.
Yenə təmələ gələcəm - valideynlər uşaq böyüdəndə ona özününkü kimi baxır. "Mənim uşağımdı, özüm bilərəm". Xeyr. Dünyaya gətirilən hər uşaq sənin deyil, cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçisidir, kiminsə yoldaşıdır və ya xanımıdır, valideyndir. Qız uşaqlarını böyüdəndə onu "arvad" kimi yetişdirmək lazım deyil. Kişi də eləcə. Evlənəndən, uşağı olanda, qarın qabağa gələndən sonra kişi status daşıyır. Olmazmı ki, sən uşaqlıqdan buna kişi deyə müraciət edəsən. Bu sözlərlə ona məsuliyyət yükləyirsən artıq. Qız uşağına "sabah ana olacaqsan" deməkdənsə, ilk növbədə "sən xanımsan" deməliyik. Belə olan halda, o, xanım kimi davranmağa başlayacaq.
- Kişilər həyat yoldaşlarına yaraşdırmadığı şeyləri başqalarında, hətta homoseksuallarda belə tapmağa çalışırlar. Buna səbəb nədir?
- Çünki onlar qorxurlar. Özünün gizli, zəif tərəfləri var, onu göstərməkdən, xanımının gözündən düşməkdən çəkinir. İnsanın şüuraltında nə yatdığını bilmirik. Cinsi münasibət elə bir şeydir ki, ehtiyatlı davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb. Yeniyetmələrdə xüsusilə diqqətli olmalıyıq, onlar bu cür videolara baxdıqca şüuraltlarına nələrsə yüklənir. Sabahısı gün cinsi münasibətə girəndə onların yaşadıqları az gəlməyə başlayır, başqa şeylər sınamaq istəyirlər. Daha dərinə getdikcə artıq insanlıqdan çıxmağa başlayır, normal cinsi münasibət cızığından çıxır, sadə dildə desək, pozğunluqlara gedirlər. Bunu qarşı tərəf qəbul etməyə bilər və xəyal qırıqlığı yaşayar. Bu baxımdan qorxular var. Hər şeyin həddi olmalıdır, balansı hər yerdə qorumaq lazımdır. Cinsi münasibətdə də. Əgər ağlına qeyri-adi bir şey gəlirsə, sən artıq onu sekspotoloqla müzakirə etməli, öhdəsindən gəlməlisən ki, niyə məndə normadan kənar hisslər var.
Biz heç "seks" sözünü deyə bilmirik. Halbuki bu söz kişi, qadın cinsiyyətini bildirir. Amma bizdə "seks" intimə yozulur. Hətta ər-arvad sekspotoloqa müraciət edir. Sivil insanlar bu şəkildə öz problemlərini həll edirlər ki, xəyanət baş verməsin, ailə dağılmasın. Amma digərləri kənarda görürlər. Son günlər baş verən bir sıra şeylər məni də çox təəccübləndirir.
Deyəcəyim məsələ artıq geniş yayılıb. Deməli, evli kişilər guya çox qadınla görüşür, yəni gündə biri ilə görüşürmüş kimi imic yaradır. İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birinə hədiyyə alır və.s. Çevrəyə göstərməkdən ötrü, sanki bu, "babnik"dir. Əslində isə gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün istəklərini, ağlasığmayan cinsi arzularını onunla həyata keçirir. Xanımı bunu qadınla tutsa belə, qoy elə bilsin ki qadındır. Maskalanırlar. Ona görə xanımlara deyirəm ki, siz hələ yoldaşınızı qadınla tutsanız, şükür edin.
- "Bütün kişilər xəyanət edir" - bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Samirə xanım, xəyanət etməyən kişi var?
- Özüm də bunu bir neçə dəfə sorğulamışam: bütün kişilər xəyanət edirmi? Yox. Çox qəribə məsələ var. Qadınlar xarizmatik kişiləri sevirlər. Xanımlar gəlir ki, mən nə deyirəm, kişi razıdır, maraqsızdır, bir xarizması yoxdur. Bu səfər də biri gəlir ki, mənim həyat yoldaşım çox xarizmatikdir, dəhşətli dərəcədə qısqanıram, bütün xanımlar ona yazır, xəyanət edir. Xanımlar əslində xəyanət edən kişilərə daha meylli olurlar. Amma hər xarizmatik kişi də xəyanət etmir. Bu yaxınlarda məsələn, biri deyir ki, mənim bir dostum var, o qədər gözəl xanımı var, dominantdı, hamı belə birini əldə etmək istəyər, ancaq kişi xəyanət edir. Çünki o xanım statusludur, dominantdır. Hər bir kişi özünü Allah kimi hiss etməyi sevir. Kişilər xəyanət etdiyinin yanında özünü statuslu sayır, üstün hiss edir. Amma yoldaşının yanında bunu edə bilmir. Kişiyə özünü kral kimi hesab etməsi üçün icazə vermək də yanlışdır. Səndən aşağı səviyyədə olmasına icazə vermək də düzgün deyil. Qadın istəsə, kişini həm vəzir edər, həm rəzil. Çox fədakar olmaq da olmaz.