Professor: “Şüalanmadan qoruyan maddə yod deyil”
12-10-2022, 20:01

“İnsanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə yod deyil, radioprotektorlardır”.

Bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev əhalinin kütləvi şəkildə yod almasına münasibət bildirərkən deyib.

Rusiya rəsmilərinin zərurət yaranarsa Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyi barədə bəyanatları Azərbaycan əhalisi arasında narahatlıqla qarşılanıb.

Təşvişə düşən insanlar kütləvi şəkildə apteklərdən yod almağa başlayıblar.

Hətta Bakının əksər aptekində yod “yoxa çıxıb”.

Tibb mütəxəssisləri isə hesab edirlər ki, yod orqanizmi nüvə radiasiyasından qorumaq üçün effektli deyil.

Professorun sözlərinə görə, nüvə silahından istifadə zamanı radioaktiv yod, ayrılan öldürücü, silsilə izotoplardan yalnız biridir və yarımparçalanma dövrü cəmi 8 gündür. Radioaktiv yoddan daha aktiv olan stronsium, sezium-137 və çoxsaylı digər izotoplardır ki, onlardan təkcə sezium-137-nin yarımparçalanma dövrü düz 30 ildir:

“Digər tərəfdən, radioaktiv yod izomeri əsasən atom elektrik stansiyalarında partlayışlar olan zamanı atmosferə atılır. Müasir taktiki nüvə silahları radioaktiv yod izotopu saxlamır. Belə olduqda, kiminsə təbliğatına uyub, yod və yod preparatlarını alıb, evinizə doldurmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası yoxdur”.

Radioloq-həkim Aydın Əliyev isə Meydan TV-yə açıqlamasında deyib ki, apteklərdən yod alıb, suya damcıladıb içməklə, orqanizmdə yodun hiperdozunu yarada bilərik. Yoddan bu cür istifadə hətta toksik təsir edə bilər. Çünki hər bir dərman özü-özlüyündə həm də zəhərdir:

“Nüvə silahının istifadəsi arzuolunan deyil. Amma burada ehtimal edilən strateji yox, taktiki nüvə silahının istifadəsidir. Taktiki nüvə silahının istifadəsi zamanı sıçrayışların təsir radiusu bir neçə on, maksimum yüzlərlə kilometr ola bilir. Strateji nüvə silahında isə sıçrayışlar minlərlə kilometrdir, yəni daha təhlükəlidir. Bu baxımdan, strateji nüvə silahının istifadəsi mümkün deyil, çünki Rusiya Ukrayna ilə sərhəddir. Əgər strateji nüvə silahından istifadə edərsə, birbaşa özünə təsir etmiş olur. Bu baxımdan taktiki nüvə silahının istifadəsində radiasiyanın Azərbaycana ciddi təsir edəcəyi mümkünsüzdür”.

Həkim bildirib ki, nüvə silahının istifadəsi zamanı yaranan Yod-131 radioaktiv izatopdur və buraxdığı ionlaşdırıcı şüalar insan orqanizminə zərərli təsir edir. İnsan orqanizmi üçün lazım olan yod izatopu isə – Yod 127-dir:

“İnsanda yod çatışmazlığı olmayanda, orqanizm yod idxal etmir. Bədənin yoda ehtiyacı olanda isə orqanizm radioaktiv və normal yodu ayırd etmir. Buradan da belə nəticəyə gəlirik ki, ilk növbədə yod defisitini bərpa etmək lazımdır. Orqanizmin yod defisiti olmayanda, hətta radioaktiv yod olsa da, artıq onu mənimsəmir”.

Radioloq yod defisitini bərpa etmək üçün yodlaşdırılmış duz, sarımsaq və paxlalılar, dəniz məhsulları, göl və çay deyil, dəniz balıqları ilə qidalanmağı tövsiyə edir.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, Rusiyanın taktiki nüvə silahından istifadəsi elə də sadə məsələ deyil. Çünki sputnik vasitəsilə Rusiyanın bu istiqamətdə fəaliyyəti xüsusilə izlənilir.

Həkim deyir ki, lazım olduğu təqdirdə qabaqlayıcı, zəruri tədbirlər görüləcək. Buna baxmayaraq, məsələ ətrafda yaşayan bütün dövlətləri, həmçinin Azərbaycanı da ciddi narahat edir:

“Heç bir anlayışı olmayan insanlar şayiələrin arxasınca sürünərək, apteklərdən külli miqdada yod alırlar. Apteklərdə yodun defisiti də ciddi problemlər yaradır. Bu təlaşın da səbəbi məlumatsızlıqdandır. Kütləvi informasiya vasitəsilə əhali arasında təbliğat aparılmalıdır. Yod özlüyündə radioprotektiv – yəni şüa əleyhinə maddə deyil. Bunun üçün “Amifostine”, “Palifermin”, “İndralin”, “Betaleykin” kimi preparatlar var ki, onlar bu gün müasir radioprotektiv müalicədə istifadə edilir”.

Həkim deyir ki, əgər nüvə silahı istifadə edilərsə, mülki əhalinin sağlamlığını qorumaq məqsədilə onlara sadaladığı radioprotektiv maddələr verilməlidir. Bu məsələlərin həlli də ancaq dövlətin səlahiyyətində ola bilər.

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib.

Mərkəzin İdxal-İxrac şöbəsindən AZİNFORM.AZ-a bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:

“O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq”.

Azərbaycanda Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulları qeydiyyatdan keçib.

Bugünlərdə NATO üzv ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Britaniyanın “The Times” qəzeti 2022-ci il oktyabrın 3-də məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya hakimiyyəti kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirmək istəyir.

NATO sınaqların Qara dənizdə keçirilə biləcəyini ehtimal edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl ölkənin özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəsinin mümkünlüyündən danışıblar.





up