KREMLİN NÜVƏ SSENARİLƏRİ – “Bu, dünya tarixinin ən böyük qərarı olacaq”
6-10-2022, 01:51

““Uşaq yaşlarımda Leninqrad xarabalıqlarında bir siçovulla qarşılaşdım. Siçovulu koridorda qovalamağa başladım və onu bir küncə sıxışdırdım. Mənə maraqlı gəlirdi ki, küncə sıxılmış və heç bir çıxış yolu qalmayan bu canlı sonda hansı qərarı verəcək. Elə həmin vaxt siçovul özünü ətrafa çırpmağa, sonra da mənim üstümə tullanmağa başladı. Bu zaman küncə sıxılmağın necə bir hiss olduğunu anladım və bu hadisədən dərs çıxardım”.

Bunları Rusiya Prezidenti Vladimir Putin daha öncə verdiyi müsahibələrin birində deyib. Bu hekayədə maraqlı məqam odur ki, Putinin illər öncə siçovula yaşatdığı ssenari indi özünün başına gəlir. Maraqlıdır, görəsən Ukraynadakı mənasız işğalın fonunda getdikcə küncə sıxışan, çarəsiz vəziyyətə düşən Putin həmin siçovul kimi, özünü düşmənlərinin üstünə atacaqmı? Əlbəttə, o, küncdən çıxmağın yollarını axtaracaq və bu zaman son kartını – nüvə silahını işə salacaq”.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Britaniya mətbuatında dərc olunan “Putinin nüvə variantları” başlıqlı məqalədə bildirilib.

Həmin materialın bir hissəsinin tərcüməsini təqdim edirik: “Rusiyanın nüvə anbarı daha az dağıdıcı gücə malik taktiki bombalardan və böyük şəhərləri məhv edə biləcək strateji silahlardan ibarətdir. Rusiyanın arsenalında 1000 kilotona qədər bombalar var. Müqayisə üçün, 1945-ci ildə Xirosimaya atılan atom bombası təxminən 18 kiloton idi. Strateji nüvə silahlarından istifadə son dərəcə fəlakətli bir vasitə hesab olunur. Ona görə də, Putin çətin ki, strateji nüvə silahından istifadə etsin. Ancaq taktiki nüvə silahlarından istifadə ehtimalları olduqca yüksəkdir. Rusiyanın arsenalında 2000-ə yaxın belə silah mövcuddur.

Putin nüvə silahını Qara dənizdəki gəmilərdən və ya Rusiya ərazisindən ata bilər. Yaxud o, “xəbərdarlıq atəşi” olaraq havada, açıq dənizin üzərində və ya altında nüvə silahı partlada bilər. İstənilən halda nüvə partlayışı dünyaya təsirsiz ötüşməyəcək. Havaya elektromaqnit impulsları qarışacaq və yaranan radioaktiv toz buluduları həmin ərazidə bioloji fəlakətə səbəb olacaq. Həmçinin bu zaman nüvə buludlarının NATO ölkələrinə doğru hərəkət etmə riski də var. Bu baş verərsə, NATO bunu mümkün nüvə hücumu olaraq qiymətləndirəcək. Bu zaman NATO-nun iki seçimi olacaq – NATO ya Kremlin tələblərinə tabe olacaq, ya da nüvə zərbəsi ilə bu hücuma cavab verəcək.

BMT-nin nüvə riski üzrə ixtisaslaşan baş elmi işçisi Andrey Baklitskiyə görə, bu, dünya tarixinin ən böyük qərarlarından biri olacaq: “Döyüş meydanında istifadə üçün nəzərdə tutulan taktiki nüvə raketləri 1 – 50 kiloton gücə malik olur. Belə silahlar adətən iki kvadrat mil ərazilərdə dağıdıcıdır”.

Nüvə silahının atılacağı bölgə çox güman ki, Rusiyanın bu yaxınlarda saxta referendumla ilhaq etdiyi ərazilər olacaq. Partlayışdan sonra həmin ərazilər yaşayış üçün yararsız hala düşəcək. Putinin NATO-ya üzv olan dövlətlərdən birinə hücum edəcəyi də mümkün variantlar arasındadır. NATO ərazisinə nüvə zərbəsi dərhal kollektiv müdafiənin 5-ci maddəsini işə salacaq. NATO-nun buna cavabının hansı formada olacağı hələ məlum olmasa da, bu, şübhəsiz ki, Putin üçün dağıdıcı sonluqla yekunlaşacaq.

Rusiyanın bütün nüvə silahları anbarlarda saxlanılır. Onlardan istifadə etmək üçün əvəlcə bunkerdən çıxarıb yük maşınlarına yükləmək lazımdır. Daha sonra bu bombları raketlər və ya digər çatdırılma sistemləri ilə birləşdirmək lazımdır. Bu silahların açıq şəkildə anbardan çıxarılaraq istifadə olunması o qədər də asan deyil. Çünki bu, ABŞ peykləri tərəfindən dərhal görüntülənəcək və qarşısı alınacaq.

Analitiklər həmçinin digər eskalasiyaları, o cümlədən qeyri-nüvə silahlarından istifadə etməklə Rusiyanın Ukraynaya zərbələrini gücləndirəcəyini gözləyirlər. Putin bu yolla Qərbin Ukraynaya silah tədarükünü ləngitməyə və səfərbər etdiyi 300 min əlavə hərbçiyə təlim keçmək üçün vaxt qazanmağa çalışacaq.

Ancaq Ukrayna ordusu işğal altındakı ərazilərini azad etməyə davam edərsə, Putinin qeyri-nüvə seçimləri tükənməyə başlayacaq. Bu zaman isə son çarə nüvə silahından istifadə olacaq”. /azpolitika/





up