Son günlər ictimai nəqliyyatda gediş haqqının artacağı, hətta 30 qəpikdən 50 qəpiyədək bahalaşacağı barədə proqnozlar gündəmə gəlib.
Xəbər verdiyimiz kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda gediş haqqı ilə bağlı tarif (qiymət) siyasətinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Daha əvvəl ölkədə bir çox məhsulların bahalaşdığını nəzərə alsaq, bu addım əhalinin haqlı narazılığına səbəb olub.
İctimai nəqliyyatda gediş haqqının artırılması təklifi benzin qiymətinin artırılması ilə əlaqələndirilir. Lakin ekspertlərin fikrincə, bu problem dövlət tərəfindən edilən xüsusi kompensasiyalarla da həll oluna bilər. Benzinin qiymətinin artmasıyla gediş haqqının bahalaşmasında müəyyən məntiq olsa da, əhalinin sosial vəziyyəti ilə qiymət artımı üst-üstə düşməlidir.
AZİNFORM.AZ xəbər verir ki, texnobloger Fərid Pərdəşünas da şəxsi "Facebook" səhifəsində məsələyə münasibətini belə bildirib:
"Ümid edirəm, Tarif Şurası ictimai nəqliyyatda qiymət artımına "yox" deyəcək. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat dövlət subsidiyaları ilə təmin olunur. Burada qeyri-adi heç nə yoxdur. Hətta əhalisi az olan ölkələr ictimai nəqliyyatı pulsuz etməyə çalışır. İndiki halda ictimai nəqliyyat qiymətlərinin artımı insanların cibinə uyğun deyil".
Sosial şəbəkə istifadəçiləri də onun bu fikrini dəstəkləyərək aşağıdakı şərhləri yazıblar:
"Ölkələrin birində avtomobil istifadəsini azaltmaq üçün, sürücülük vəsiqəsini göstərən sərnişinlərdən gediş haqqı almırlar".
"İctimai nəqliyyatı mütləq inkişaf etdirmək lazımdır. Əgər ictimai nəqliyyat tələblərə cavab versə, yollarda bu qədər minik maşını olmaz".
"Azərbaycanda nəqliyyat pulsuz olsa, Bakıdakı trafik problemi həll olar. Pulsuz avtobusa minmək varkən, heç kim maşına minməz. Təbii ki, yetərli miqdar avtobus lazımdır".
"Tələbə və şagirdlərə pulsuz gediş verməkdənsə, qiymətləri artıracaqlar, deyəsən. Barı bu dəfə XALQI GÖRÜN!"
"Ümumiyyətlə, nəqliyyat sistemində gözə çarpacaq dəyişiklik etsinlər, sonra qiymət qaldırsınlar. Yeni avtobuslar havalandırma sistemini işə salmır, nəinki kondisionerləri. Pəncərəsindən hava gəlməyən yeni avtobuslarda əhali necə nəfəs alsın? Metrodan isə danışmağa dəyməz, Köhnə qatarlarda nəfəs almaq çox çətindir, nə havalandırma var, nə də başqa bir şey. Bütün bu problemləri həll etmək, yaxşı bir təkliflə gəlmək lazımdır".
"İctimai nəqliyyat şəhid ailələrinə, qazilərə, şagirdlərə, tələbələrə, əlilliyi olan və yaşı 65 dən yuxarı şəxslərə gün ərzində bəlli limitlə pulsuz olmalıdır. Bu, sosial dövlət olmağın gərəkliliyidir".
"İctimai nəqliyyata maraq artırmaq üçün, əksinə, qiyməti endirməlidir. Keyfiyyəti artırmalıdır".
"Tarif Şurası bir dəfə də xalqın müraciətini qəbul etsin, qiyməti endirsin. İndiki vaxtda qiyməti qaldırmaq xalqı ayağa qaldırmaq deməkdir".
"Bizim ölkə üçün hətta 20 qəpik normaldır. Qiymət artımı olsa, insanlarda ciddi sıxıntı yaşadacaq. İnsanlar var ki, gündə 8 dəfə ictimai nəqliyyatdan istfadə edir".
Qeyd edək ki, dünyanın bir neçə şəhərlərində ictimai nəqliyyat pulsuzdur. Məsələn, ABŞ-ın Kanzas-Siti şəhəri, Fransanın Dünkerk şəhəri, Estoniyanın Tallin şəhəri, Belçikanın Hasselt şəhəri, Leksenburq və digər ölkələr belə bir təcrübəni sınaqdan keçirməklə dünyaya nümunə ola bilib.