Prezident “bütün xəritələr bizdədir” dedi - bəs İrəvan nə deyəcək?
24-09-2022, 09:05

Kapitulyant ölkə küncə sıxılır; XIX və XX əsrə, ondan əvvəlki dövrə aid xəritələr bizdədir; Bakıdan İrəvana sonuncu “yol xəritəsi”...

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışı zamanı Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də toxundu. “Yeni Müsavat” xatırladır ki, dövlət başçısı prosesin həm XX əsr xəritələri, həm ondan əvvəlki dövrün xəritələri üzrə aparılmalı olduğunu açıqladı.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan - Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”, - Prezident bildirdi.

Beləliklə, faktiki olaraq iki əsrin xəritələri bizdədir, daha əvvəlki tarixi sənədlər də əlimizdədir, Ermənistan əsassız bəhanələrini kənara qoyaraq sərhədlərin dəqiqləşdirilməsi mövzusunda konstruktiv mövqe sərgiləməlidir. Bəs söhbət hansı xəritələrdən gedir? Ermənistan bu xəritələr əsasında müzakirələrdən imtina edə bilərmi? Rusiya tərəfi də açıqlamışdı ki, xəritələr Baş Qərargahdadır və sovet dövrünə aid sənədlər əsasında bu proses həyata keçiriləcək. Putin “Valday” klubunun forumunda da bəyan etmişdi ki, delimitasiya işində üçüncü qüvvəyə ehtiyac yoxdur və bununla Minsk qrupuna işarə etmişdi. Bir sözlə, həm Azərbaycanda, həm Rusiyada xəritələr mövcuddur və Ermənistan üçtərəfli birgə bəyanatda götürdüyü öhdəliklərdən uzun müddət boyun qaçıra bilməz.

AZİNFORM.AZ xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat” bildirdi ki, Prezident bir neçə dövrə aid xəritələrin olmasına dair ciddi mesajlar verib. Partiya sədrinin sözlərinə görə, biz həmişə demişik ki, 19 və 20-ci əsrlərə aid xəritələrdən istifadə etmək lazımdır: “Azərbaycanın 119 min kvadratmetr kilometr ərazisi olub. Lakin SSRİ Ali Sovetinin və Nazirlər Kabinetinin heç bir beynəlxalq hüquqa söykənməyən qərarları əsasında bizim 29 min kvadratmetr ərazimiz Ermənistana peşkəş olunub. Bizim 1988-ci ildə 1 milyon soydaşımız deportasiya edilib və onların geri qayıtmaq hüququ olduğu vurğulamaqla biz 1918-1920-ci illərin xəritəsi üzərində dayanmalıyıq. Biz danışıqları, delimitasiya prosesini məhz bu xəritələr əsasında aparmalıyıq”.

Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, çar Rusiyasının Qafqazı ilhaq etdiyi dövrdə Azərbaycan dövləti olmadığına baxmayaraq, bu ərazilərin əhalisinin 90 faizinin azərbaycanlı olduğu, xüsusən Qərbi Azərbaycanda İrəvan xanlığının mövcudluğu həm bizim, həm çar Rusiyasının, həm Avropanın arxivlərində saxlanılır. Ekspertin fikrincə, Prezidentin çıxışında bu xəritələrdən söhbət gedir. “Sonrakı mərhələ isə 1918-1922-ci illərdə Azərbaycan Respublikasının inzibati ərazisindən gedir. Sadəcə, yanlış olaraq illərdir ki, xalqa doğru olmayan məlumatlar çatdırılıb, müstəqillik illəri yalnız 1918-1920-ci illər göstərilib, halbuki 1920-1922-ci illərdə də Azərbaycan Sovet Sosialist Respublikası kimi mövcud olub. Yəni 1918-1922-ci illərdə mövcud olan Azərbaycan Respublikasının inzibati ərazisində məhz bugünkü Ermənistan Respublikasının ərazisi kimi göstərilən bölgələr, əsasən də Zəngəzur mahalı və Göyçə mahalının bir hissəsi Azərbaycan ərazisi kimi mövcud olub. Azərbaycanın iddia etdiyi bununla bağlıdır və Prezidentin səsləndirdiyi fikirlər də bundan ibarətdir”.

R.Məmmədli xatırlatdı ki, mərhum prezident Heydər Əliyev Zəngəzurla bağlı bir nüansı açıqlamışdı: “Demişdi ki, Mehridə kiçik koridor ermənilərə verilmişdi, sonra ərazi böyüdüldü. Belə ki, Ordubad və Zəngilan rayonlarından alınan kəndlər sayəsində bu koridor mümkün olub. Ona görə Prezident İlham Əliyevin söylədikləri fakta söykənir. Çünki ərazinin kimə aid olduğu haqda Ermənistanda müfəssəl məlumat yoxdur. Rəsmi İrəvanın sübut edəcəyi faktlar da yoxdur. O səbəbə Azərbaycan sərhəddə Ermənistanın iddia etdiyi yerlərdə taktik mövqelərini möhkəmləndirir, hərbi strukturunu gücləndirir”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Əliyev rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir: “Burada diqqətçəkən məqam ”SSRİ dövrünün" yox, məhz “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” ifadəsidir. O deməkdir ki, Azərbaycan SSR qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir. Bu gedişin iki mümkün səbəbi var: hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq - Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər. Eyni zamanda, Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır. Əliyevin çıxışı sentyabr əməliyyatında 3 nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir".

Ekspert hesab edir ki, birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub, bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır: “İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir. Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə biləcək. Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır. Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi: erməni qoşunları Qarabağdan tam çıxarılmayıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır. Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın. Əliyevin fikirləri Ermənistan üçün ”yol xəritəsi" də hesab edilə bilər. 10 noyabr razılaşması icra edilməli - erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalı, sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır, Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur".





up