"Bir gün Aydın Qaradağlı mənə dedi ki, sən ləhçəni efirdə göstərirsən, bildik də bakılısan. Məsələn, mən oxuyurdum ki, "sabah ayın üçi (3) üçün proqrama nəzər salaq". Deyirdi ki, üçü de, üçi yox! Elə bilirsiniz ki, bizə deməyiblər, irad tutmayıblar?! Onların köməyi ilə danışığımızda, diksiyamızda dəyişiklik etdik. Bu gün mən çalışıram ki, bildiklərimi, öyrəndiklərimi bizim gənc aparıcılarımıza, jurnalistlərimizə ötürüm. O vaxt deyirdilər ki, ağzımıza fındıq qoyuruq, noxud qoyub danışırıq. Müəllimim Müxlis Cənizadə deyirdi ki, insanın qabında nə varsa, odur. O bizimlə mətn üzərində işləyirdi. Deyirdi ki, səsin var, danışığın varsa gəl mətn oxu".
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O daha sonra əlavə edib.
"Roza Tağıyeva uzun illərdir efirdən ayrılıb. Onu mən indi başa düşürəm. Mənim üçün də efirə bu gün çıxmaq çox ağırdır. Televiziya verilişlərinə dəvət edirlər, çox nadir hallarda gedirəm. Bizim nəsil diktorlar qalmaqallardan, səs-küylərdən uzaq olmuşuq. O vaxt qadağalar çox idi. Xəbər oxuyan diktorlar qısaqol geyimdə efirdə olmazdılar. Fikir verirəm, indi də xəbərlərin aparıcıları kostyumdadırlar. Saç düzümünə diqqət edirdilər. Xəbərlərdə tamaşaçının diqqəti ancaq sənin mətninə və danışığına yönəlməli idi. Mən də onun tərəfdarıyam ki, xəbər aparıcısı efirə saçını yığıb çıxsın. Biz xəbər oxuyarkən zinət və bəzək əşyalarından istifadə etməzdik" deyə sənətkar bildirib.
"Gənc aparıcılara tövsiyəniz nə ola bilər?" sualına isə peşəkar diktor belə cavab verib.
"Gənc aparıcılara bir tövsiyəm var, indi istəyərlər qulaq asarlar, istəyərlər yox. Qonağa qulaq asmaq böyük bir qabiliyyətdir, mədəniyyətdir. Qonağın cavabını qətiyyən kəsmək olmaz. Bəzən deyirlər ki, filankəs çox səmimidir. Mən bununla da razı deyiləm, efirdə aşırı dərəcədə səmimi də olmaq düzgün deyil. Aparıcı efirdə özünü elə aparmalıdır ki, tamaşaçı sevgisi qazansın. Deməsinlər ki, "filankəsi görəndə tez kanalı çevirirəm." Bu söz mənə çox pis təsir edir. Axı mən də bu qazanda qaynayıram" deyə diktor bildirib.