ARB TV-də milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aparıcının şairin nəvəsi Anar Axundzadəyə ünvanladığı “Babanızı görmüsünüzmü?” sualı cəmiyyətdə narazılıqla qarşılanıb. Bu məqam aparıcıların məlumatsızlığı, savadsızlığı və hazırlıqsızlığı məsələsini də gündəmə gətirib.
Yenicag.az-a açıqlama verən tanınmış diktor, Xalq artisti Ofeliya Sənani aparıcılarla bağlı sərt iradlarını bildirib. O bu gün efir məkanında olan aparıcılara nəzarət olunmadığını, hər hansı bir səhvə görə cəzalandırılmadığını və buna görə də belə halların getdikcə artdığını deyib:
“Əvvəllər xüsusi şura var idi, efirdə aparıcılara nəzarət edirdi. Bizim ixtiyarımız nə idi, qaydalardan kənara çıxaq. Diktorlar otağında stolun üstündə xüsusi vurğu kitabı var idi. Hər gün onu oxuyurduq. Eləcə də diktorlara aid olan digər kitabları. Ölkə, şəhər adını düzgün deməsəydik, həmin gün bizi işdən qovardılar. Özü də xüsusi iclas çağıraraq, biabırcasına. Hər səhvə görə diktorlar töhmət alırdı və növbəti ay bir də həmin səhv təkrarlansaydı, diktor işdən qovulurdu. Biz qorxmurduq, işimizə məsuliyyət hiss edirdik. Bu gün aparıcıların əksəriyyəti məlumatsız, mütaliəsiz və hazırlıqsızdır. Davranışlarına nəzarət etmirlər. Aparıcı səhərdən axşama qədər efirdə sırtıq-sırtıq gülər? Geyiminə belə fikir verən yoxdur. Aparıcının öz geyim tərzi olmalıdır. Aparıcı hər şeydən öncə özünə hörmət etməlidir ki, izləyici də ona hörmətlə yanaşsın”.
Diktor verilişlərdə formata uyğun qonaqların çağrılmamasına da irad tutub:
“Qonaq verilişin formatına uyğun seçilməlidir. Siyasətçi danışır, ardınca müğənni şit-şit mahnı oxuyur. Maşallah, gündə efirə bir müğənni çıxarırlar. Nə səsi var, nə səhnə mədəniyyəti. Ciddi verilişin öz qonaqları olmalıdır. Şou adamları ilə ciddi sənət adamlarını eyni verilişə çağırmaq olmaz. Hər kəsə özünə uyğun suallar verilməlidir. Aparıcıların çoxu bunu bilmir. Heç bəzən çağırdığı qonağı belə tanımır. Bunların qarşısı alınmaq üçün televiziyalarda xüsusi şura yaradılmalıdır”.