Dilarə Oqtay Əliyevin vəfatından sonra ilk dəfə DANIŞDI - VİDEO
29-04-2023, 23:46

Aktrisa Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra ilk dəfə danışıb.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə aparıcı "Söhbət var" proqramında danışıb.

Dilarə Əliyeva həyat yoldaşından danışarkən, göz yaşlarını saxlaya bilməyib:

"Deyəcək sözlərim var. Onları demək istəyirəm. Bu verilişdə monoloq deməyə başlayanda haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən, sənət, sirr, dərd, yol, ömür-gün, həyat yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm?

Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm. Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrın, qəlbimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında, yadında idin. İndi sən hamının yadındasan. Bu camiyədə çoxunun uğurlarında, həyatında bir Oqtay Əliyev var idi. Harada desən, orada var idin. Amma mən qəzada ayılanda yanımda yox idin.

Hər səhəri səninlə açardım. Məndən qabaq ayılardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Bir iş dalıycan gedəndə məndən öncə gedərdin, hər şeyi rahatlaşdırardın. Bu dəfə də belə etdin, məndən qabağa düşdün. İnşallah, Oqtay, görüşəcəyik. Bunu qulağıma deyərsən, bu necə baş verdi?", - deyə, Dilarə bildirib.

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.





up