“Deyirlər yaxşı ki, qaçqın düşdünüz, gəlib Bakını gördünüz...” - “Burda qapılarda qaldıq”
19-01-2023, 18:38

Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

AZİNFORM.AZ  xəbər verir ki, mövzu ilə bağlı əslən Şuşa şəhərindən olan müğənni Xuraman Şuşalı Yenisabah.az-a açıqlamasında Şuşaya köçəcəyi günü səbirsizliklə gözlədiyini deyib:

“Mənim Şuşaya köçmək planım var. Bizim ailəyə düşən ev, İnşallah, qardaşıma veriləcək. Bizdə adət-ənənə belədir ki, ev ailənin oğluna verilir. Mən isə dəvət olunaramsa, böyük məmnuniyyətlə gedib Şuşada yaşayaram. Amma bilirəm ki, ora yalnız qeydiyyatda olanlar köçürüləcək. Mən Şuşaya həm klip çəkdirmək üçün, həm də turlarla bir neçə dəfə getmişəm, tez-tez bacımla gedib orada gəzirik, uşaqlıq illərimizi xatırlayırıq. Mən Şuşada yaşamağı çox istəyirəm. Tək mən yox, uşaqlarım da tez-tez soruşurlar ki, “ana, biz nə vaxt Şuşaya gedəcəyik?” Mənim ora köçməyim üçün bir qalır ev məsələsi. Ev də qardaşıma veriləcək. Maşşallah, qardaşımın da külfəti böyükdür, əgər orada bizə də birotaqlı ev versə, gedəcəyəm. Bilmirəm necə olacaq… Təki ora köç başlasın, mən gedib kirayə də qalaram. Təki orada yaşamağa icazə versinlər. Mən Şuşaya gedəndə də, qayıdanda da ağlaya-ağlaya qaldım ki, mən geri qayıtmaq istəmirəm”.

Sənətçi Şuşada keçirdiyi günləri, oradan didərgin düşməsini xatırlayaraq kövrəlib:

“Bəziləri rişxəndlə deyirlər ki, “yaxşı ki, qaçqın düşdünüz, gəlib Bakını gördünüz”. Mən həmin adamlara demək istəyirəm ki, siz Şuşanı gedib görün, oranın iqliminə baxın sonra bu cür fikirlər səsləndirin. Bizim Şuşadakı evimiz çox gözəl idi, şəraitimiz yaxşı idi. Mən taxt-tacımı itirib, didərgin düşüb Bakıya gəlmişdim. Şuşadan çıxanda atam, anam yaralanmışdı. Bizim xoşbəxtliyimiz elə orada da qaldı. Bakıya gələndən sonra atam ayrı, anam ayrı xəstəxanalarda müalicə aldı, qardaş-bacılarımla qohumların qapısında qaldıq, bir yerə yığışa bilmirdik, çünki evimiz-eşiyimiz yox idi. Şuşaya dönmək, isti ocağımızda yaşamağı çox istəyərəm. Allah mənə o günü qismət etsin. Təəssüf ki, bir çox şuşalı, həmçinin mənim valideynlərim bu günü görmədi. Allah şəhilərimizə rəhmət eləsin, qazilərimizə Ali Baş Komandanımıza can sağlığı versin ki, bizə bu günü yaşatdılar. Allah bu tarixi bizə yaşadanlardan razı olsun.

Mən də böyük məmnuniyyətlə gedib orada yaşayaram. Şuşalıyam, harada olmalıyam ki? İnsan nə qədər doğulduğu iqlimdə yaşayarsa, o qədər də xoşbəxt olar. Allah bizə də bunu qismət eləsin”.





up