“Mətanət xanım atları qoydu, ulaq yerində dayandı” — Qalmaqal alovlandı (VİDEO)
3-01-2023, 16:06

Əməkdar artist Elza Seyidcahan və müğənni Mətanət Əsədova arasındakı qalmaqal yenidən alovlanıb.

AZİNFORM.AZ olay.az-a istinadla xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın Azərbaycan” komandası ilə bəstəkarın evində qonaq olub. Küsülü olduğu məşhurlardan danışan Seyidcahan Əsədovadan söz açılanda reaksiyası ilə təəccübləndirib:

“Kiminləsə küsülü olmuşamsa, günah məndə olmayıb. Onlarla küsülü deyiləm, səhvim olub ki, yanlarında olmuşam. Mətanət Əsədova kimdir ki? Müğənnidi? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm”.

Əməkdar artistin anası Seyidcahan xanım isə qızının qalmaqal yaşadığı populyar simalar haqda xoş sözlər deyib: “Nazpəri xanım (Xalq artisti Nazpəri Dostəliyeva) da, Mətanət xanım da mənim üçün əzizdir”. Elza anasına müdaxilə edərək X. Hidayətqızının Mətanət İsgəndərli yox, Əsədova barədə sual verdiyini desə də, Seyidcahan xanım açıqlamasına davam edib:

“Əsədovanı da, İsgəndərlini də sevirəm. İndi Əsədovadan danışıram. Elza paxıllıq etmir, amma bəstəkardır. Bəlkə görür ki, az işləyir, ona görə deyir. Lakin onun hər xasiyyətinə aşiqəm. Mətanətin oxumağından da, mərdliyindən də xoşum gəlir”.

Sonda E. Seyidcahan “Mətanət İsgəndərli “popcorn”dur, mahnıları partlayır”, - deyə, vurğulayıb.

Qeyd edək ki, iki sənətçi arasında qalmaqal 2020-nin martında Elzanın “Gənclərin zövqünü korlayan Mətanətlər, Manaflar var” açıqlamasından sonra başlamış, prodüser Tarix Əliyevin verilişində qonaq olan M. Əsədova bu fikrə münasibət bildirmiş və yersiz hesab etmişdi. Ardınca Elza telefon bağlantısı ilə proqrama qoşulmuş “Mətanət xanım atları qoydu, ulaq yerində dayandı” sözlərini səsləndirmişdi. Ulaq sözü Əsədovanı qəzəbləndirmiş efirdə Elzanın səsinin kəsilməsini istəmişdi. Sonra onunla bağlı qalmaqallı sözlər demişdi.





up