Günel Zeynalova: "Bizim müğənnilərdə eqo var"
26-12-2022, 23:03

Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova məkanların birində mətbuat nümayəndələri ilə bir araya gəlib.

AZİNFORM.AZ teleqraf.com-a istinadla xəbər verir ki, Yeni il gecəsi konsert proqramı ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşan Günel Zeynalova sonuncu dəfə Azərbaycandan gedəndə küsdüyünü etiraf edib: "Yeni il ərəfəsində bir dəfə balaca olanda tədbirdə iştirak etmişəm. Uzun illərdir ki, Azərbaycanda Yeni ili qeyd etmirdim. İndi Tunar ilə qərar verdik ki, Yeni ildə Bakıda məkanların birində konsert proqramı ilə çıxış edək. Konsertdə Tunar Rəhmanoğlu və türk müğənni Yusuf Güney də iştirak edəcək. Konsertdə orkestrimdə 15 nəfər Türkiyədən, 15 nəfər isə Azərbayandan təmsil olunacaqlar. Səsi olan müğənni səhnədə canlı oxumalıdır. İstisna hallarda xəstə və s. olanda bir-iki fonoqram ifa etmək olar. Yaş irəlilədikcə insan doğmaları ilə birlikdə olmaq istəyir. Məni Azərbaycanda son zamanlar daha çox sevirlər. Öz vətənimdə də fəaliyyət göstərmək lazımdır".

Günel Zeynalova Türkiyədə kanallara çıxmamasından da danışıb: "Sonuncu dəfə "İbo şou"da iştirak etdim. Türkiyədə proqramlara çıxmıram. Səhhətimizlə bağlı üç aydır ki, Bakıya gəlmişik. Mən daim xalqın içində gəzirəm. Bir sənətçi xalqın içində olmalıdır. Vətənimdə bu dəfə doğma hissləri daha çox gördüm. Heç vaxt heç kimin qarşısında ulduzluğumu göstərməmişəm. İnsan sadə olmalıdır. Ulduzluq səhnəyə çıxan zaman hiss edilməlidir".

İfaçı İbrahim Tatlıseslə küsülü olması haqqında yayılan xəbərlərə də reaksiya göstərib: "İbrahim bəy məndən küsəndə Tunara zəng edir. Küsülü olanda belə bir araya gəlirdik. Onunla danışmırdıq, amma "İbo şou"ya dəvət edən zaman getdim. Hazırda münasibətimiz yaxşıdır və yaxın günlərdə onunla layihəmiz olacaq. Mənə bir dəfə məsləhət verib. Ondan sonra mənə məsləhət verməyib, çünki heç vaxt dəyişməmişəm. Mənə deyib ki, səni şöhrət heç vaxt ərköyünləşdirməsin. Şöhrət toz kimidir. Səni işıldadır və bir anda toz gedən zaman sönə bilirsən. Ona görə də ərköyünləşmə və daim böyüklərinə hörmət elə".

İfaçı "Türkiyədən küsüb gəlmisiniz?" sualına isə "Qətiyyən belə hal yoxdur. İnciklik konsert ilə bağlı idi. Türkiyədə də işlərim davam edir. Orada elə bir layihəyə imza atmışam ki...",-deyə cavab verib.

Günel Zeynalova Türkiyədə ifaçılarımızın tanına bilməməsinə də aydınlıq gətirib:

"Türkiyəyə uşaqlıq illərimdə getdiyim üçün məni qəbul etdilər. Bizim müğənnilərdə eqo var. Bu eqo ilə gedəndə isə qəbul etmirlər. Eqonu deyil, sənətini göstərməlisən. Mənə Rəşid Behbudov, Şövkət Ələkbərova, Əzizə Mustafzadədən danışanda qürur duyuram. Necə ki, Röya Ayxan, Brilliant Dadaşova Türkiyədə verilişlərə çıxanda qürurlanıram".

Günel Zeynalova qardaş ölkədə müğənni Üzeyir Mehdizadənin tanınması haqda isə bu sözləri deyib: "Üzeyir Mehdizadə qardaşımın dostudur. Hər kəsin öz ifa tərzi var. Əlbəttə ki, bayağı musiqilərə qatılmıram. İndi zövqümüz dəyişib, bəlkə də korlanıb. İnşallah düzələr. Yutubda baxış sayına da inanmıram".

İfaçı Qarabağda konsert vermək istədiyini də açıqlayıb: "Qarabağda konsert vermək istəyirəm".

İfaçı son zamanlar türk sənətçilərin Bakıda konsert proqramı ilə çıxış etməsinə də münasibət bildirib: "Bakıda daha çox qazanırlar. Burada konsert proqramı verməkləri yaxşı haldır".





up