Məşhur bəstəkarın mahnısı kimlər tərəfindən oğurlandı? – İllərin mahnısı
18-10-2022, 10:46

AZİNFORM.AZ kulis.az-ın "İllərin mahnısı" layihəsindən "Kor ərəbin mahnısı" haqda maraqlı faktları təqdim edir.

"Kor ərəbin mahnısı"sı dahi bəstəkarımız Fikrət Əmirovun 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilən "Şeyx Sənan" tamaşası üçün bəstələdiyi mahnıdır.

Deyilənə görə, Hüseyn Cavid "Şeyx Sənan" faciəsindəki kor ərəbin məşhur mahnısının mətnini Güneyli şairimiz Əbulhəsən Racinin şeirinin ilk beytindən təsirlənərək yazıb. Həmin şeirin ilk beyti belədir:

"Nə eşq olaydı, nə aşiq, nə hüsnü dilbər olaydı

nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı".

"Kor ərəbin mahnısı" mahnı-ballada sayılır. Bu elə nadir mahnı növlərindəndir ki, burda ənənəvi mahnı nümunələrindən fərqli olaraq, kuliminasiya anı yoxdur.

Mahnının aramlı, ağır tempi, ritmik təkrarlılıq səhrada addımlayan karvanın ayaq səslərini andırır.

Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub. Deyilənə görə, "Şeyx Sənan" tamaşasında Məmmədəli Əliyev "Kor ərəbin mahnısı"nı oxuyub qurtaran kimi Bülbül səhnəyə qalxır, onun əlini sıxıb "var ol, Məmmədəli, nə gözəl oxudun" deyir.

1961-ci ildə Azərbaycan Televiziyasının studiyasında Rauf Kazımovskinin səhnə rejissorluğu ilə "Kor ərəbin mahnısı"na qısa video-klip çəkilir.

Bu video Azərbaycan tele-radio məkanında ilk klip kimi tarixə düşür.

Sonralar Fikrət Əmirov Amerikaya səfər edərkən bu lenti özü ilə Amerikaya aparır.

Klip İçərişəhərdə lentə alınıb.

Bu mahnı Gülağa Məmmədov, Şövkət Ələkbərova, Rəşid Behbudov, Faiq Ağayev, Mənsur İbrahimov, Mələkxanım Əyyubova kimi məşhur sənətkarlarımızın repertuarını bəzəyib.

"Kor ərəbin mahnısı" Fikrət Əmirovun 12 iyun, 1963-cü il tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində qeydiyyata alınaraq katoloqa yerləşdirilib.

Müəllif hüquqlarının beynəlxalq normalar əsasında qorunmasına baxmayaraq mahnının musiqisi Belçikada yaşayan Vardan Hovvanisian və Emre Gültekin tərəfindən mənimsənilərək "Houcher" adıyla "Karin" musiqi albomuna daxil edilir.

"YouTube" kanalında yayımladıqları mahnıda musiqinin əsl müəllifinin Fikrət Əmirov adlı Azərbaycan bəstəkarı olduğunu qeyd etmirlər.

Bəstəkarın ailəsi bu barədə Müəllif Hüquqları Agentliyinə məlumat verir. Görülən tədbirlər nəticəsində "Karin" musiqi albomunun istehsalçısı olan Belçikanın "Muziekpublique" şirkəti bəstəkarın ailəsinə məktub göndərərək yol verilən səhvə görə üzr istəyir.

Lakin mahnı "YouTube" platformalarından yığışdırılmır. Müəllifin Fikrət Əmirov olduğunu qeyd etmirlər və indi də mahnını anonim folklor nümunəsi kimi təqdim edirlər.

2007-ci ildə reperlər Nado və Cavid Hüseyn Fikrət Əmirovun bu bəstəsini replə sintez edərək öz janrlarında təqdim ediblər. Mahnının aranjimançısı Azad Vəliyev idi.

2012-ci ildə Hüseyn Cavidin 130 illik yubileyində mahnını Alim Qasımov ifa edib.

AZİNFORM.AZ





up