“Ölən oğlumun övladına atasızlığı hiss etdirmədim, özüm də oğlanlarımı atasız böyütmüşəm”
3-10-2022, 22:49

“Teatrda istədiyim rolların hamısını oynaya bilməmişəm. Hər şey şansa, taleyə, qismətə bağlıdır. Şansıma küsən insan deyiləm, hər günümə şükür edirəm. Çox ağır bir xəstəlikdən sağaldım. Bundan sonra da heç nə oynaya bilməyəcəm, çünki sağlamlığım buna imkan vermir. Tamaşaçılarım bağışlasın, artıq onların əvvəlki Kübra xanımı deyiləm. Tərəf müqabillərimin hamısı dünyasını dəyişdilər, birlikdə oynayacaq kimsə də qalmayıb. Mən indi odu söndürüb, külü ilə oynayıram. O vaxt aktrisalar dublyor istəmirdi, mən aktrisanın əlindən tutub teatra özümə dublyor gətirirdim. Heç vaxt dublyorsuz tamaşa oynamamışam”.

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva deyib.

O, daha sonra teatra gəlişini xatırlayıb.

“1970-ci ildə başqa bir işə düzəlmək istəyirdim, amma ürəyimcə deyildi. Getdim ki, avtobus dayanacağında gözləyim. Gözüm qəfildən arxaya sataşdı. Gördüm ki, böyük hərflərlə qapının üzərində “Gəncə Dövlət Dram Teatrı” yazılıb. Qapısını açıb, həmin teatra girdim. Direktorla görüşdüm, aktrisa kimi işə başlamaq istədiyimi bildirdim. O bildirdi ki, teatra aktyor-aktrisanı işə baş rejissor götürür.Teatrın baş rejissoru Yusif Bağırov gəlib dedi ki, “Kübrabəyim, sən bir hissə hazırla, ya tamaşa, ya şeir, sabah gələrsən”. Danışığımdan başa düşdü ki, mən teatr üçün doğulmuşam. Dedi ki, ərizə yaz, səni teatra qəbul edirik, tamaşa falan lazım deyil. Bunu evdə demək var idi də. Elə bilirdim ki, teatrda maaş almırlar. O qədər teatrı sevirdim. Anama dedim ki, teatrda dərzi işləyirəm. Onu tamaşama dəvət etdim. Mən səhnəyə çıxan kimi anam dizinə döyərək deyib ki, “evin yıxılsın”. Onu birtəhər razılığa gətirdilər. Bakıya, İncəsənət Universitetində oxumağa gəldim. 6 ay Gəncə Dövlət Dram Teatrında işlədim. Daha sonra həyatımı Sumqayıt Dövlət Dram Teatrı, Akademik Milli Dram Teatrı ilə bağladım” deyə sənətkar bildirib.

Kübra Əliyeva həyatdakı itkilərindən də danışıb.

“Həyat elədir ki, ömür insana bir dəfə verilir. Bu bir hədiyyədir, Allahın lütfüdür. Ata-ana övladı dünyaya gətirir, böyüdür. Yaşayırsan, bu dünyada bir iz, xatirə qoyursan. Bütün bu xatirələr səndən sonrakılara qalır və sən həyatla vidalaşırsan. Biz 9 övlad olmuşuq. 5 qardaşdan sonra doğulmuşam. İndi amma 3 bacı qalmışıq. Bu böyük itkidir. Bilirsiniz ki, övladımı da itirmişəm, onun əziyyətini çox çəkmişəm. O indi haqq dünyasındadır. 5 xarici dil bilirdi. Nəvəmə oğlumun yoxluğunu hiss etdirmədim, ona necə lazımdırsa borcumu yerinə yetirmişəm. Mən onsuz da övladlarıma ata əvəziyəm, hamısını tək böyütmüşəm. Allah bütün tək analara yardım etsin, mən o təkliyi yaşamışam, taleyim belə gətirdi. Bununla belə oğullarıma ata yoxluğunu hiss etdirməmişəm” deyə sənətkar bildirib.





up