Ölkədə yayılan qriplə bağlı ŞOK AÇIQLAMA
11-10-2023, 13:13

İnfeksionist: “Bu virus kifayət qədər ağır keçir, peyvənd vacibdir”

Payız fəsli gələr-gəlməz artıq mövsümü xəstəliklər də özünü büruzə verir. Havaların qeyri-sabit keçməsi nəinki insanların ovqatına, eləcə də səhhətlərinə də mənfi göstərir. Əhali müxtəlif növ virus infeksiyalarından əziyyət çəkdiyini bildirir.

Son günlər daha çox verilən suallardan biri isə odur ki, yayılan bu viruslar, görəsən, COVİD 19, yoxsa qrip virusudur. Yeri gəlmişkən, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına son 1 həftədə (02.10.2023-08.10.2023) 361 yeni yoluxma faktı qeydə alınıb, 359 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Müsavat”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 833 550 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, 10 337 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir. Ölkədə son həftə ərzində 4 280, hazırkı dövrədək isə 7 692 353 test aparılıb. Göründüyü kimi, koronavirsa yoluxanlar, hətta vəfat edənlər hələ də var.  

Bununla belə, o  qeyd edilməlidir ki, əhali arasında koronavirusa qarşı həm təbii olaraq immunitet yaranıb, yəni xəstəliyə yoluxub sağalanların sayı kifayət qədərdir. Eyni zamanda süni şəkildə immunitet də əldə edilib ki, bu da əlbəttə, vaksinasiya sayəsində. Bəs qripə qarşı peyvəndlər də Azərbaycana gətirilibmi? Nəzərə alınsa ki, həkimlər qrip virusunun da təhlükəli olması barədə, xüsusilə immuniteti zəif olanlar üçün ağır fəsadlara səbəb ola biləcəyini xüsusi vurğulayırlar.

Kaç farklı grip virüsü vardır? İnsan öldüren grip virüsleri hangileridir?

AZİNFORM.AZ xəbər verir ki, əhali arasında qripə qarşı vaksinasiyaya başlanılmayıb. “Sputnik Azərbaycan”ın Səhiyyə Nazirliyinə ünvanladığı sorğuya verilən cavabda bildirilib ki, səhiyyə naziri hər il qripə qarşı vaksinasiya barədə əmr imzalayır. Bu mövsümdə isə hələ qripə qarşı peyvəndin vurulması ilə bağlı məlumat yoxdur. Əhalinin qripə qarşı vaksin olunması ilə bağlı bir qərar olmasa da, artıq əhali arasında qrip əlamətlərindən şikayətlənənlərin sayı çoxdur.

Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova da “Sputnik Azərbaycan”a bildirib ki, yüksək temperatur, halsızlıq və öskürəklə müraciət edən xəstələrdə koronavirusun yeni ştamının olduğu təsdiqlənməyib. O, bu əlamətlərin daha çox mövsümi qrip əlamətlərinə bənzədiyini söyləyib. Bildirib ki, havaların soyuması və fəsil dəyişkənliyi ilə əlaqədar kəskin respirator xəstəliklər baş qaldırır. Onun sözlərinə görə, mövsümi qrip virusları yüksək hərarət, baş ağrısı, halsızlıq, öskürək kimi simptomlarla müşayiət olunur.

G.Sadıqova bildirib ki, əhali arasında ən çox xroniki xəstəliklərdən əziyyət çəkənlərin qripə qarşı peyvənd edilməsi tövsiyə olunur. Çünki belə insanlarda kəskin respirator viruslara yoluxma ağırlaşma verə bilər.

Qeyd edək ki, qrip əlamətləri ilə müşahidə edilən xəstəliyin yayılması artıq uşaqlar arasında da müşahidə olunur. Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev  açıqlamasında bildirib ki, mövsümi qrip virusuna qarşı vaksinasiyanın aparılması üçün öncə bu il hansı qrip virusunun dominant olduğu təsdiqlənməlidir. Bundan sonra qripin həmin ştamına qarşı vaksin tətbiq olunmalıdır. Kafedra müdiri bildirib ki, mövsümi qrip adlandırılan viruslardan qorunmaq üçün əsas yol gigiyenik qaydalara əməl etmək, immun sistemini güclü saxlamaqdır.

Qripə qarşı  peyvənd vurulması nə dərəcədə vacibdir? Hansı peyvənd bütün qrip növləri üçün keçərlidir?

merdan-eliyev-hekim-infeksionist.jpg (18 KB)

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, respirator virus infeksiyası ilə müraciət edən bütün xəstələr öncə müayinə edilir: “Həmin xəstələrdən yaxma götürürük, məlum olur ki, bu insanlar koronavirus infeksiyasına yoluxmayıblar. Kəskin respirator virus infeksiyalarını, koronavirusdan başqa xeyli sayda digər viruslar tərədir. Bunların içində qrip virusu da var. Qrip yalnız bu viruslardan biridir və kifayət qədər ağır keçən xəstəlikdir. El arasında buna qrip deyirlər. Zökəm əlamətləri ilə müşahidə olunan burun axması, öskürək, boğaz ağrısı, qızdırma, halsızlıq, sümük, əzələ ağrıları. Bu əlamətlər müşahidə olunan xəstəliklərin hamısına qrip deyirlər. Amma qrip yalnız virusun növüdür. Kifayət qədər ağır keçir, çox ciddi ağırlaşmaları ola bilər. Ona görə qripə qarşı peyvənd vurulması tövsiyə olunur. Digər viruslara qarşı peyvənd yoxdur, buna ehtiyac da yoxdur. Qripə qarşı olan peyvəndə isə ehtiyac var. Bir az yaşlı xəstələrdə, immuniteti zəif olanlarda, yanaşı xroniki xəstəliyi olanlarda qrip virusu ağırlaşmalarla müşahidə olunur. Pnevmoniya verə bilir, eyni zamanda sinusoid, digər ağırlaşmalar verə bilir və ölümcül də ola bilir. Ona görə belə şəxslərin peyvənd olunması tövsiyə olunur. Payız fəsli qripin mövsümü sayılır. Öncədən peyvənd olunması bu mövsümdə insanı qoruya bilər. Amma qrip virusunun peyvəndi vurulandan sonra insan təbii ki, kəskin respirator virus infeksiyalarına yoluxa bilir. Təbii ki, səbəbi qrip olmur, bunlar ağır gedişatlı olmadığı üçün təhlükəli sayılmır. Əgər şəxs qrip virusuna yoluxacaqsa, bayaq dediyim zökəm əlamətləri ilə müşahidə olunan xəstəliyə yoluxmayacaq deyə bir şey yoxdur”.

AZİNFORM.AZ





up