Tutun inanılmaz FAYDALARI
6-06-2023, 17:05

Tut dadlı və qidalı meyvə kimi tanınır.  Antioksidant, lif, vitamin və minerallarla zəngin olan qara tut ürək sağlamlığından immunitet sisteminə, həzm sağlamlığından dəri sağlamlığına qədər bir çox sahədə faydalı ola bilər.

Tut yarpaqları iltihab əleyhinə xüsusiyyətlərinə görə sağlamlıq üçün faydalı ola bilər. Araşdırmalara görə bu meyvənin yarpaqları xroniki xəstəliklərdən və infeksiyalardan qoruyur və ağrıların azalmasına kömək edir. Ancaq təzyiq problemi olanlar və davamlı dərman istifadə edənlər istifadədən əvvəl həkim məsləhətinə müraciət etməlidir.

AZİNFORM.AZ xəbər verir ki, tut meyvə si, ondan hazırlanan doşab və mürəbbə daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.

Qaraciyər xəstəlikləri zamanı qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, angina zamanı qarqara kimi istifadə olunur.

Qara tutun meyvələri həzmi yaxşılaşdırır və mədəni möhkəmləndirir, dizenteriya, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır.

Mövsüm zamanı istər ağ, istər qara tut gün ərzində azı 100 qram yeyilməlidir. Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir və qanın keyfiyyətini artırır. Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir. Qaraciyəri təmizləyir, ürək, qan-damar sağlığını qoruyur - qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir. Meyvəsi ürək infarktı riskini azaldır, şirəsi kompüterdə işləyənlərin gözləri üçün çox faydalıdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini və nəmlənməsini təmin edir. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.

Tutun yarpaqlarının müalicəvi əhəmiyyəti qədim zamanlardan məlumdur. Onu çay kimi dəmləyərək şəkərli diabetdən əziyyət çəkən insanlara, ürək xəstəlikləri olanlara içirdirdilər. Tutdan hazırlanan doşab xüsusilə qiymətlidir (Azərbaycanın bəzi regionlarında onu "bəhməz" də adlandırırlar). Heç bir şəkər əlavəsi olmayan bu qaynadılmış şirə orqanizmə çox faydalıdır. Bəhməzi qarpız, üzüm, yemiş və s. meyvə və tərəvəzdən hazırlayırlar. Amma tutdan hazırlanmış bəhməz onların hamısından faydalıdır. O, yalnız ağ tutdan hazırlanır. Doşab təbii şirinləşdirici kimi həm un məhsullarına vurulur, həm də ondan desert kimi istifadə olunur. Çünki həddindən artıq şirin olsa da, qlikemik indeksi çox aşağıdır. Odur ki, tut orqanizmdə asanlıqla həzm olunur və qanda şəkərin miqdarının kəskin artımına gətirib  çıxarmır. Ümumilikdə, xalq təbabətində doşabdan qankəsici, soyuqdəymənin önləyicisi kimi istifadə olunur. O, qaraciyərin, mədənin, ürək-damar sisteminin müalicəsində, o cümlədən qan azlığından əziyyət çəkən insanlar üçün də faydalıdır.

Boğaz ağrılarında, onkoloji xəstəliklər zamanı, mədə ağrılarında tut şirəsi əsl dərmandır. Tut yarpaqlarından dəmlənmiş çay qəbizliyə, soyuqdəyməyə əlac sayılır. Tərlədici və qızdırmanı salma özəlliyilə yanaşı, bu çay epilepsiyanın müalicəsi üçün də qəbul edilir. Mədədə və on iki barmaq bağırsaqda yara varsa, ağ tutun meyvəsindən dərman kimi istifadə edilə bilər.

Tut yarpağında 0,75% üzvi turşu, 50-60 mq askorbin turşusu, meyvəsində isə 24% qlükoza, 70-80 mq askorbin turşusu, 4% limon turşusu və bir sıra pektin var. Bundan başqa, tutda bir sıra amin turşusuna (alanin, valin, qlyutamin, asparagin, fenilalanin və s.), efir yağına, karotinə, B, B2, C və PP vitaminlərinə də rast gəlinir. Ağ tutun yarpaqlarından alınan tinktura (spirtli  maye) ürək-damar xəstəliklərinin müalicəsində müsbət nəticə verir.

Tut dərdlər dərmanı, yaralar məlhəmidir. 





up