"Genetik xəstəliyi olan körpə ana bətnində müalicə olundu" - Dünyada ilk
10-11-2022, 18:16

Kanadalı tibb mütəxəssisləri nadir və ölümcül genetik xəstəliyi olan körpəni ana bətnində müalicə ediblər...

AZİNFORM.AZ xəbər verir ki, dünya tibb ədəbiyyatına daxil olan müalicə barədə məqalə “New England Journal of Medicine” adlı elmi tibb jurnalının son sayında da dərc olunub.

Kanadanın paytaxtı Ottavadakı Şərqi Ontario Uşaq Xəstəxanası və Ottava Xəstəxanasından bir qrup həkim 2021-ci ildə prenatal testlərdə Sobia Bəşir adlı ananın körpəsinə Pompe xəstəliyi diaqnozu qoyub.

Əvvəllər eyni genetik xəstəlik səbəbindən iki övladını itirən Zahir və Sobia Bəşir cütlüyü körpələri üçün həkimlərin ana bətnində eksperimental müalicə təklifini qəbul edib.

Həkimlər, Pompe xəstələrinə çatışmazlığı olan fermenti vermək üçün Aylanın anasına hamiləliyinin 24-37-ci həftələri arasında altı infuziya veriblər. Körpədə çatışmazlığı olan ferment ultrasəs ilə idarə olunan iynələrdən istifadə edərək, dölün göbək damarına vurulub.

Ottava Xəstəxanasında prenatal ferment əvəzedici terapiyadan sonra Ayla 22 iyun 2021-ci ildə anadan olub. Aylada aparılan analizlər onun ürəyi və əzələ inkişafının normal olduğunu göstərib.

Ayla adlı körpəyə edilən müalicə dünya tibb ədəbiyyatında “genetik xəstəlikdən ana bətnində müalicə olunan ilk körpə” kimi qeyd edilsə də, bu hadisə “dünyada ilk uşaqlıqdaxili müalicə” kimi də qeydə alınıb.

Qeyd edək ki, dünyada hər 100.000 körpədən birində görülən Pompe xəstəliyi adətən körpələrdə ürək böyüməsi və əzələ zəifliyinə səbəb olaraq ölümə səbəb olur.





up