Xankəndində general Volkova qarşı üsyan qalxdı
7-08-2022, 14:15

Son günlər Qarabağda yaşanan gərginlik və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilən “Qisas əməliyyatı”ndan sonra Rusiyanın məsuliyyət zonasında, xüsusən də Xankəndində Rusiya sülhməramlı qüvvələrinin komandanlığına etirazlar artmaqdadır. Erməni mənbələrinin məlumatına görə, dünən Xankəndinin mərkəzi meydanında Rusiya sülhməramlı qüvvələrinin “hərəkətsizliyinə” qarşı növbəti etiraz aksiyası keçirilib. İştirakçılar komandanlıqdan Rusiya sülhməramlılarının kontingentinin Qarabağdan çıxarılmasını tələb ediblər .

AZİNFORM.AZ xəbər verir ki, bundan əvvəl Qarabağdan olan erməni qaçqınlar eyni tələblərlə Rusiya və Fransanın İrəvandakı səfirlikləri qarşısında etiraz aksiyaları keçirərək, Fransanı bölgəyə qoşun yeritməyə çağırmışdılar . Xankəndində isə özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran bir qrup erməni Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Volkovla görüşüb. 

“Mehriban olun, öz işinizlə məşğul olun, əks halda hərəkətlərimizi dəyişəcəyik”, - etirazçılardan biri Qayane Arustamyan deyib.

Rusiya sülhməramlı kontingentinin komandiri ilə görüşdə iştirak edən etiraz aksiyasına rəhbərlik edən “Dağlıq Qarabağ İnqilab Partiyası”nın sədri Artur Osipyan bildirib ki, rusiyalı generalın sözləri ümid yaratmayıb.

“Dünən bizi Qarabağa sülhün gələcəyinə inandıracaq heç nə eşitmədik”, - Osipyan bildirib.

Müxalifətçi qeyd edib ki, iştirakçılar sülhməramlı qüvvələrin komandanından heç bir aydın təminat almadıqları üçün görüşdən narazıdırlar.

“Belə çıxır ki, sülhməramlıların burada layiqli sülhü qorumaq üçün nə imkanı, nə gücü, nə də səlahiyyəti var. Sülhməramlıların səlahiyyətləri yalnız özünümüdafiə üçün kifayətdir, hətta o zaman da tam həcmdə deyil”, - Osipyan bildirib.

Qeyd edək ki, Azərbaycan ordusunun Kəlbəcər və Laçında həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlılarının erməni silahlıları ilə birgə qanunsuz erməni silahlı birləşmələrinin postlarını mühafizə etməyə başladığı barədə xəbərlər gəlməyə başlayıb. Ancaq görünən odur ki, ermənilər sülhməramlılardan, qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvləri ilə postlarda çiyin-çiyinə dayanmaqla kifayətlənməyiblər. Ermənistanda və Qarabağ erməniləri arasında Rusiya sülhməramlı qüvvələrinə və ümumilikdə Moskvaya qarşı etirazlar artır. Rusiya sülhməramlılarının Xankəndində və digər ərazilərdə ermənilərin Azərbaycana tabe olmadan dinc yaşaması üçün etibarlı təminata çevriləcəyi ilə bağlı illüziyalar darmadağın edilir. Belə bir təminat yalnız Azərbaycan qanunları və Konstitusiyası çərçivəsində təmin edilə bilər.





up