Müalicədən imtina edib döyüşlərə qayıdan qazimiz: “Məni Xocavənddə iki dəfə snayperlə vurdular”
16-07-2022, 15:30

“Mən 14 il Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçusu olmuşam. Müharibə başlayana qədər müxtəlif xarici ölkələrdə hərbi kurslarda iştirak etmişəm. Həmçinin Türkiyədə “Komando”, “Balıq adam”, “Taktiki atış”, “Terrorla mübarizə” kurslarını keçmişəm. Müharibə başlayanda, sentyabrın 26-dan 27-nə keçən gecə xüsusi təyinatlı qüvvələrin tərkibində Kəlbəcər, Murovdağ istiqamətində Koroğlu, Susuzluq postlarında döyüşmüşəm”.

AZİNFORM.AZ xəbər verir ki, bunu “report”a açıqlamasında Vətən müharibəsi qazisi Kamran Babayev deyib.

O bildirib ki, sentyabrın 30-u Koroğlu postunda ağır döyüşlər zamanı yaralanaraq qapalı kəllə-beyin travması alıb:

“Bir gün müalicə alandan sonra imtina etdim. Yenidən döyüşlərə qatıldım. Füzuli-Cəbrayıl, Xocavənd, Hadrut, eləcə də həmin ərazilərdəki strateji yüksəkliklərin işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişəm. Xocavənddə ikinci dəfə yaralandım. Mühasirəyə düşmüşdük. Həmin vaxt snayper atəşi nəticəsində iki ayağımdan yaralandım. Döyüş meydanından çıxarılaraq Horadizə təxliyə olundum. Oradan da Bakıya gətirildim”.

Kamran Babayev qeyd edib ki, müharibədə aldığı yaralar səbəbindən fəaliyyətini hərbi sahədə davam edə bilməyib:

“Üçüncü qrup əliləm, təqaüd alıram. Müharibədən sonra Prezident tərəfindən evlə təmin olundum. Həmçinin “Hərbi xidmətlərə görə”, “Şücaətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişəm. Hazırda işləyirəm, Hərbi Qənimətlər Parkında kassirəm”.





up