“Xankəndidəki yanacaqdoldurma məntəqəsindəki partlayışdan sonra bölgədəki separatçılardan hər şey gözləmək olar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
Millət vəkili Xankəndidə baş verən məlum partlayışdan sonra separatçı xuntaya məxsus şəxslərin bölgəni surətlə tərk etməsindən danışıb. R.Nurullayev bəzi separatçı liderlərin yaralılarla eyni vertolyotda, hətta tabutların içində Qarabağdan çıxması ilə bağlı səslənən iddialara münasibət bildirib.
MCP sədri əlavə edib ki, hələlik Azərbaycan hüquq-mühafizə orqanlarının bu məsələləri araşdırmaq imkanı məhdud olduğu üçün separatçılar da özbaşınalıq edir:
“Hazırda orada qayda-qanun yoxdur, separatçılar özlərini buraxmayıblar və bunu elan etməyiblər. Hərçənd ki, artıq yox kimidirlər. Lakin buna baxmayaraq, həm Ruben Vardanyan, həm də digər separatçılar ərazilərimizi tərk etmək istəyirlər ki, Azərbaycan onları həbs etməsin. Çünki onlar həbs olunsa, bu adamlara veriləcək ən yüngül cəza ömürlük həbs ola bilər”.
Deputatın fikrincə, separatçı xunta bu günə qədər orada yaşayan erməniləri özləri üçün girov saxlamışdı:
“İndi girov saxladıqları ermənilərin necə düzülüb qaçdığını görürük. Onlar ona görə qaçmırlar ki, Azərbaycanı sevmirlər, yaxud onları bizdən kimsə incidir, yox. Bu adamlar ona görə qaçırlar ki, onlar növbəti perspektivdə Fransa, ABŞ və digər Avropa ölkələrinə getmək istəyirlər və bir daha qayıtmaq niyyətləri yoxdur”.
Partiya sədrinin sözlərinə görə, bu baxımdan, separatçıların sıraları seyrəlir, artıq açıqda qalırlar, həbs olunma ehtimalları yüksəlir və bütün törətdikləri cinayətə görə də cavab verəcəklər:
“Mənə elə gəlir ki, onlar öz canlarını xilas etmək üçün minlərlə sıravi ermənini də qurban verməyə hazırdır. Ona görə də bundan sonrakı mərhələlərdə buna bənzər partlayışların törədilməsi istisna edilmir. Amma biz hələlik bu partlayışın arxasında kimin durduğunu və bunu separatçıların etdiyini deyə bilmirik, lakin bütün bunların hamısı araşdırma nəticəsində aydın olacaq”.
“Bununla bərabər, həm də deməliyəm ki, onlar yalnız partlayışın nəticəsində ərazidən çıxanlarla yox, eləcə də digər vasitələrdən istifadə edərək də ərazini tərk etməyə çalışacaqlar. Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanlarımız tərəfindən müxtəlif fəaliyyətləri yerinə yetirmək çox vacibdir”, - əlavə edib.