Ağdam-Xankəndi yolundan sonra hədəf LAÇIN YOLUDUR? - 24 saat ərzində...
14-09-2023, 23:39

Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam rayonundan keçərək Xankəndiyə çatıb. Bu, çox mühüm hadisədir. Artıq Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə çatıb. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsi bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirilir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ağdam-Əsgəran marşrutundan istifadənin, Laçın yolunun də yenidən açılmasını asanlaşdıracaq mühüm addım olduğunu bildirib. Bununla bağlı sentyabrın 13-də Şarl Mişelin sözçüsünün yaydığı bəyanatda deyilir.

Ağdam-Xankəndi yolu istifadəyə verilib, bəs Laçın yolu nə zaman istifadəyə veriləcək?

Bu barədə Referans.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycanın qəti mövqeyi var:

“Cənab prezidentin köməkçisi Himət Hacıyev bu məsələyə toxunmuşdu ki, Ağdam-Xankəndi yolu açılandan sonra 24 saat ərzində Laçın yolu açıla bilər. Amma bu gün reallıq ondan ibarətdir ki, Ağdam-Xankəndi yolu hələ tam açılmayıb. Düzdür cənab prezidentin rəhbərliyi ilə Azərbaycan prinsipiallıq nümayiş etdirdi və biz artıq Ağdam-Xankəndi yolu ilə Rusiyanın yükünün daşınmasına nail olduq”.

Deputat qeyd edib ki, Ağdam-Xankəndi yolu tam açılmayana qədər, yəni nə zaman ki tam açılarsa, Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi kimi Laçın yolunun da açılması məsələsində qətiyyətli addımlar atacaq.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə bildirib ki, bu gün Laçın yolu ilə hərəkət var, lakin burada bəzi müəmmalı məqamlar mövcuddur:

“Əsas məsələ odur ki, humanitar məqsədlə Qırmızı Xaç Cəmiyyətinin istər erməni millətindən olan şəxslərin Ermənistana aparılması, xəstələrin daşınması istiqamətində heç bir problem yoxdur. Digər məsələ olan Qarabağda yaşayan ermənilərin Ermənistana getməsi ilə yenə də problem yoxdur. Bütün gömrük prosedurlarını keçərək ərazini tərk edə bilirlər”.

Deputatın sözlərinə görə, əsas məsələ isə ondan ibarətdir ki, Ağdam-Xankəndi yolu ilə rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımı Xankəndinə çatdırıldıqdan sonra belə açıqlamlar var ki, Laçın yolundan istifadə edərək digər dövlətlərin humanitar yükü də əraziyə gəlməlidir: “Məqam isə ondan ibarətdir ki, bu gələn naməlum yüklər heç bir dərhəd buraxılış və ya gömrük prosedurunu keçmək istəmirlər. Məlumdur ki, Azərbaycan ərazisinə ikinci bir dövlətdən girən istənilən yük bu prosesdən keçməlidir və ya ikinci bir yol kimi yenə də Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər”.

İstər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digərlərinin verdiyi məlumatlarda Ağdam-Xankəndi marşrutu artıq istifadədədir və Laçın yolu da istifadə olunmalıdır, biz birmənalı şəkildə qeyd edirik ki, istənilən vaxt ikinci dövlətin ərazisindən Azərbaycana daxil olan bütün yüklər yoxlanılmalı və həmin yüklərin nədən ibarət olduğu bəyan olunmalıdır – deyə Arzu Nağıyev əlavə edib.





up