Bizim Cəbiş müəllim filmi haqqında maraqlı məlumatlar - VİDEO
11-09-2022, 10:53

 AZİNFORM.AZ xəbər verir ki, Bakının köhnə küçələrindən biri vaxtilə baron Vrangelin adını daşıyırdı. Həmin küçə indi istiqlal şairimiz Əhməd Cavadın adınadır. Bu küçədəki 4 nömrəli ünvanda 1909-cu ildə inşa edilmiş üçmərtəbəli mülk Teymur Qulubəyov və Nəcəfqulu Məmmədova məxsus olub. Onların Mərdəkanda birgə inşa etdirdikləri bağ da var idi. Neft sənayeçiləri olan hər iki şəxs 1918-ci ilin martında erməni daşnaklarının Bakıda törətdiyi soyqırımı zamanı həlak olublar. El arasında belə bir söz var, tikmədim özüm qalam, tikdim ki, izim qala. Bu insanların özlərindən sonra nişanə qoyduqları mülklər filmlərimizdə də geniş istifadə edilib.


Bu küçədə  bir  neçə filmimiz  lentə alınıb.  “Mədəniyyət”  qəzeti bu   filmlər  barədə   yazı dərc edib.

Məqalədə  deyiliur ki, Bakının bu məşhur küçəsi və mülkünün ekranda təcəssümünə 1970-ci ildə rejissor Həsən Seyidbəylinin quruluş verdiyi “O qızı tapın” bədii filmində rast gəlirik. Filmin baş qəhrəmanının pal-paltar dalınca gəlməsi və onları götürdükdən sonra qalmaqala düşməsi, həyətdə baş verən toqquşma səhnəsi burada lentə alınıb.


Metronun “İçərişəhər” stansiyası yaxınlığındakı indiki Cəfərov qardaşları küçəsi də öz köhnə görünüşü və tarixi ilə filmlərimizin lentlərində yaşayan ünvanlardan biridir. Burada yerləşən və vaxtilə bank işi ilə məşğul olan Bakı milyonçuları Həsənov qardaşlarının tikdirdiyi mülk bu gün də öz əzəmətini qoruyur. Qardaşlardan biri – Əliağa Həsənov həm də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə maliyyə naziri vəzifəsində çalışıb. İnqilabdan sonra bu əzəmətli bina Həsənov qardaşlarının əlindən alınır və onlar İçərişəhərdə Böyük Qala küçəsindəki mülklərində yaşayırlar. Hazırda həmin mülk restoran və mehmanxana kimi fəaliyyət göstərir. Bu mülkün qarşısında isə çox sevilən Azərbaycan filmlərindən biri lentə alınıb. 1969-cu ildə rejissor Şamil Mahmudbəyovun lentə aldığı “Şərikli çörək” filmində baş qəhrəman Vaqif ayaqları yana-yana İçərişəhərin küçəsi ilə qaçır və burada bir yeşiyin üzərində əyləşir.


 Gəlin, həmin epizodu və dialoqu xatırlayaq:

“- Ay bala, burada niyə oturmusan?

- Ayağımı yandırmışam.

- Harda olursan?

- O yanda...

- A bala, a bala, deyirsən ki, o yanda olursan, bəs bu yana niyə gedirsən?

- “Kartoçka”larımı itirmişəm...

- A yazıq...”.

Bu küçədə lentə alınan digər ekran əsəri isə “Bizim Cəbiş müəllim” filmidir. 


1969-cu ildə rejissor Həsən Seyidbəylinin çəkdiyi filmdə Maqsud İbrahimbəyova məxsus bir bina var. Bu tikili görkəmli yazıçının babası, məşhur neft sənayeçisi Ələkbər Məşədibəyovun mülküdür. Mülk 1914-cü ildə ilk təhsilli memarımız Zivər bəy Əhmədbəyova sifariş edilib. Binanın hazırkı ünvanı Böyük Qala küçəsi 28-dir. İkimərtəbəli mülk Maqsud İbrahimbəyov dünyasını dəyişəndən sonra xatirə muzeyi kimi fəaliyyət göstərir.


“Bizim Cəbiş müəllim” filmi Bakının bir çox məkanlarında lentə alınıb. Kino tənqidçiləri bütün zamanlar üçün “Bizim Cəbiş müəllim”i realistik mövzuda çəkilən, həm arxa, həm də ön cəbhənin təfərrüatları ilə əks olunduğu mükəmməl ekran işi kimi səciyyələndirirlər. Ekran əsərinin maraqlı cəhətlərindən biri də Bakının o vaxtkı ab-havasının dolğunluqla əks olunmasıdır. Filmdə təsvir olunan təhsil ocağı Bayıl qəsəbəsindəki məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də Bayıldakı həmin məktəbdə lentə köçürülüb.


Cəbiş müəllimin eksperimenti üçün atın quyruğunun kəsildiyi səhnə “Sovetski” məhəlləsində, Mustafa Sübhi küçəsində lentə alınıb. Cəbiş müəllimin gəzişməsi, gəmi fiti, uşaqları həmin yerlərlə tanış etməsi isə bir vaxtlar el arasında  “Qaraşəhər” adlanan ərazidə lentə alınıb. Nəcəfovun cəbhəyə getdiyi vağzal səhnəsi indiki “Sədərək” bazarının yanındakı Buta qəsəbəsində çəkilib. Hadisələrin cərəyan etdiyi məhəllə isə Bakının mərkəzində - məşhur “Səadət” sarayının yerləşdiyi Murtuza Muxtarov küçəsində lentə alınıb. 


Bizim Cəbiş müəllim filmi haqqında maraqlı məlumatlar







up