“O vəziyyəti bir anam bildi, bir də mən, hər dəfə keçmişdən danışanda gözləri dolurdu”
8-09-2022, 23:16

“Anam həmişə deyirdi ki, “sənət bir dənizdir, dəniz ölü balıq saxlamaz”. Əgər sən sənətdə heç bir şey etməsən, ölü sənətkar olsan sənətin dalğası səni bir tərəfə atacaq. Anam mənə uşaqlıqdan işimdə tələbkar olmağı öyrədib. Türkiyəyə əslində gedib qayıdacaqdım. Fikirləşirdim ki, 4-5 il gedib qalım, sonra geri qayıdım. Qoymadılar geri dönüm, mənə burada yuva tikdilər. Burada pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrim məni çox istəyirlər, universitet kollektivim mənə dəyər verir. Türkiyədə teatr sənətinin inkişafına, tədrisinə çalışıram. Həqiqətən də vətəni qardaş ölkədə təmsil etmək qürurvericidir”

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov deyib. O daha sonra anası haqda xatirələrini bölüşüb. 

“Mən evin tək övladıyam. Anam evdə hər zaman ciddi olub. Düzgünlüyü və dürüstülü var idi. Etdiyim səhvə görə ondan üzr də istəyirdim, bəzən heç gözümün yaşına da baxmazdı. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşam. Bəzən söz yadımdan çıxırdı. Nəsibə xanım deyirdi ki, söz yadından çıxmamalıdır! “Qaynana” tamaşasında söz yadımdan çıxmışdı, amma vəziyyətdən yaxşı çıxdım. O vəziyyəti bir anam bildi, bir də ki, mən. Nəsibə xanım mənim həyatımda böyük rol oynayıb. O mənə həm ana, həm də müəllim olub. Atam rəhmətə gedəndə 40, anam rəhmətə gedəndə isə 50 yaşım var idi. Hər dəfə keçmişdən danışanda gözləri dolardı. Ona görə də söhbəti tez kəsirdim. Anam həyatın ağır zərbələrinə dözüb” deyə sənətkar bildirib.
Cahangir Novruzov anası ilə birlikdə rol aldığı “Bizim Cəbiş müəllim” filmindən də danışıb.
“ “Bizim Cəbiş müəllim” filmində deməzdim ki, çəkilmişəm, sadəcə görünmüşəm. Anamla birlikdə ekran işində sadəcə iştirak etmişəm. Meyxana epizodunda və bir neçə səhnədə dostlarımla birlikdə görünürəm. Həmin meyxana səhnəsində mənə bir dəftər verdilər. Dəftərin içərisində 7-8 meyxana var idi. Həsən müəllim dəftəri açıb baxdı, dedi ki, filan meyxananı oxuyarsız. İlk dəfə idi ki, Həsən Seyidbəyli meyxana janrını filmdə istifadə etdi. Həsən Seyidbəylini mən həqiqətən də çox istəyirdim. Allah onun ruhunu şad etsin. Bu film Azərbaycan kinematoqrafiyasının şah əsərlərindəndir. Üstündən 50 il keçsə də film baxılır və baxılacaq” deyə böyük sənətkar bildirib.




up