Buna əsasən soruşula bilər ki, nə üçün imamlar (ə) arasında bu ləqəb yalnız İmam Hüseynə (ə) verilmişdir?
Cavab olaraq demək lazımdır ki, əgər imamlar (ə) vahid nurdurlarsa, hamısı hidayət çırağı hesab olunurlar. Amma zaman şəraiti bais olur ki, onların şəxsiyyətinin müəyyən yönləri daha çox qabarsın və üzə çıxsın. Nəticədə Allahın adlarından birinin təzahürü olsun.
İki misala nəzərən yuxarıdakı mətləbləri izah etmək olar:
Birinci misal:
İmamlardan yalnız beşinci imam (ə) "Baqir", yəni "elmləri açan" ləqəbini almışdır. Baxmayaraq ki, bütün məsum imamlar ilahi biliyə malik idilər və bu, yalnız beşinci imamın (ə) yaşadığı dövrün şəraitinin ortaya çıxartdığı xüsusiyyət idi. Digər tərəfdən o dövrdə yeni sektalar, fikirlər ortaya çıxmışdı.
Başqa bir tərəfdən Bəni-Üməyyə hakimiyyəti zəifləmişdi. Bu zaman əlverişli şərait yaranmışdı və şiəliyin əsaslarını izah etmək zəruri idi.
Bunu görən imam (ə) tədris sahəsində fəaliyyətə başladı və bu, İmam Sadiq (ə) dönəmində daha da genişləndirildi. Əhli-beyt (ə) məktəbi daha dəqiq izah edildi, çoxlu sayda şahidlər yetişdirildi və təbliğ üçün İslam dünyasının ən ucqar yerlərinə göndərildi.
Beşinci imamın (ə) bu rolu ona "Baqir əl-ülum", yəni elmləri açan ləqəbinin verilməsinə gətirib çıxartdı. Amma bu heç də o demək deyil ki, digər imamlar alim olmayıblar. Əksinə, bu ləqəb yalnız beşinci imamın (ə) Əhli-beyt (ə) məktəbinin ana xəttini cızmaqdakı rolunu ifadə edir.
İkinci misal:
İmamlardan yalnız İmam Əli (ə) və İmam Hüseyn (ə) "Sarullah" (Allahın qanı və ya qan sahibi Allah olan şəxs deməkdir) ləqəbini almışlar. Baxmayaraq ki, onların heç biri dünyadan təbii ölümlə getməmişlər və Allah yolunda şəhid olmaq onlara nəsib olmuşdur.
Buna səbəb odur ki, imamlardan yalnız bu ikisinin qanı yerə axmış və o şəraitdə, o şəkildə şəhid olmaqla İslama can verməkdə xüsusi rol oynamışlar. Bu, heç də o demək deyil ki, yad edilən xüsusiyyət digər imamlarda olmamışdır.
Başqa sözlə, baxmayaraq ki, bütün imamlar ilahi ad və sifətlərin kamil təzahürləridirlər. Amma xüsusi şərait və zaman kəsiyi onların şəxsiyyətlərinin müəyyən yönlərinin təcəlla etməsinə, onların Allahın adlarından yalnız birinin təzahürü olmasına səbəb olurdu.
Amma nə üçün hidayət çırağı və nicat gəmisi ifadəsi yalnız İmam Hüseyn (ə) haqqında təkidlə işlədilir? Baxmayaraq ki, "Səfinə" hədisinə görə, bütün Əhli-beyt (ə) nicat gəmisidir. Misal üçün, "Mənim Əhli-beytim (ə) sizin aranızda Nuhun (ə) gəmisi kimidir" hədisi bu qəbildəndir.
Cavab olaraq deməliyik ki, İmam Hüseynin (ə) şəraiti və mövqeyi xüsusi şərait idi. O şəraitdə Bəni-Üməyyə zəhərli təbliğatı ilə İslamın simasını dəyişmişdi.
Aydındır ki, belə bir islam insanları hidayət edə bilməzdi. Xəlifəsinin əyyaş və qumarbaz bir insan olmasına göz yuman islam, etnik ayrı-seçkilik salan, təbəqə ayrı-seçkiliyi salan islam, başında dayananlar məst ikən camaat namazına gələn islam əsla hidayətçi ola bilməzdi.
İmam Hüseyn (ə) öz qiyamının məqsədini açıqlayarkən buyurur: "Mən nə rifah, nə də hakimiyyət, nə fəsad, nə də zülm üçün ayağa qalxmamışam. Əksinə, babamın ümmətini islah etmək üçün qalxmışam" (Baqir Şərif Qurəşi, "Həyati-İmam Hüseyn ibn Əli (ə), c. 2, səh. 264. İmam (ə) digər bir cümləsində buyurur: "İlahi, mən yaxşılığı sevir, pisliyi inkar edirəm", "Bihar əl-ənvar", c. 43, səh. 328).
O həzrət (ə) öz zəmanəsinin ictimai vəziyyətini təsvir etdikdən sonra buyurur: "Görmürsünüzmü ki, haqq-ədalət icra olunmur və xalq batildən əl çəkmir?" Belə aludə bir mühitdə hər bir imanlı insan ölüm və Allahla görüş arzulayır ("Əyan əş-şiə", c. 4, səh. 234-235).
Yaxud, Yezidin hakimiyyətə gəlməsindən xəbərdar olduqda buyurdu: "İnsanlar və cəmiyyət Yezid kimi bir hakimə düçar olduqda İslam və müsəlmanların "Fatihə"sini oxumaq, onlarla xudahafizləşmək lazımdır" ("İbn Tavus, "Lühuf", səh. 11).
İmam (ə) belə bir şəraitdə həm islamı məhv olmaqdan xilas edə bildi, həm də həqiqi islamın bütün yönlərini əməldə bəşəriyyət üçün nümayiş etdirdi. Əslində insanlar üçün hidayət və nicat yolunu təcəssüm etdirdi.
Bu baxımdan Kərbəla hadisəsi və xüsusilə Aşura günü bütün fəzilət və yaxşılıqların İmam Hüseyn (ə) və silahdaşlarının müqəddəs vücudunda zühur etdiyi gündür.
Bunu iddia edə bilərik ki, İslamın bütün yönləri onlar tərəfindən qan rəngilə Kərbəla torpağında tarixin əbədi tablosuna həkk edilmişdir. Bir halda ki, digər imamlar (ə) üçün belə bir şərait yaranmamışdı ki, bütün fəzilətlərini, xüsusiyyətlərini həqiqət sorağında olanların gözü önündə sərgiləsinlər.
İslamın bütün hidayət imkanlarını nümayiş etdirsinlər. Əlbət ki, bu onların üzərinə düşən vəzifənin tələbi idi. Hər bir xüsusi şərait xüsusi davranış tələb edirdi. Onlar vəzifəli idilər ki, bəşəriyyətə həmin şəraitə uyğun davranış örnəyi təqdim etsinlər.
Yəni, bu məhdudiyyət şəraitin ortaya çıxardığı məhdud davranış örnəyindən doğurdu. Buna görə də Aşura hadisəsinin və İmam Hüseynin (ə) özünün əks etdirdiyi mükəmməllik, əhatəlilik bais oldu ki, o, çırağa çevrilsin və bu çırağa baxan heç kim yolunu azmasın. Tufanlı dənizdə qərq olmasın.
Başqa sözlə, İmam Hüseyn (ə) o adamlar üçün hidayət çırağıdır ki, cəhalət zülmətində məhv olurlar. O adamlar üçün nicat gəmisidir ki, dünya bataqlığında çabalayırlar.
Buna görə də İmam Hüseynin (ə) 40-cı gününün ziyarətnaməsində oxuyuruq: "Pak qanını Sənin üçün axıtdı ki, bəndələrini cəhalət və sərgərdanlıqdan xilas etsin. Bir halda ki, dünyapərəstlər (dünyanın aldatdığı insanlar) onun əleyhinə birləşmişdilər" ("Bihar əl-ənvar", c. 98, səh. 331).
AZİNFORM.AZ