Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: “Hüseyn və zillət?! Hüseyn heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”.
Bu sözlər İmam Hüseynin (ə) qanla yazdığı sözlərdir və Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır…
Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır.
İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində. İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı.
Hamıya məlum olduğu kimi, tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib.
İmam Hüseyn (ə) zülmə qarşı mübarizə aparır və deyirdi: “Mən cəddimin ümməti arasında islahat aparmaq üçün ayağa qalxmışam və bu mübarizəni qanımın bahası hesabına belə olsa da haqq olduğu üçün davam etdirəcəyəm”.
Heç şübhəsiz əgər o həzrət bu mübarizədə geri çəkilsəydi, zülm və zalımlara göz yummuşlardan olar, qəlblərdə müqəddəsliyini heç vəchlə ucalda bilməzdi.
Müaviyə oğlu Yezidin zülmü o yerə çatdı ki, artıq İmam Hüseyn (ə) öz doğma vətəni Mədinə şəhərində yaşaya bilməyib Məkkəyə köçmək məcburiyyətində qaldı. O, bütün əhl-əyalını da özü ilə aparırdı. Mədinə şəhərindən çıxmamışdan qabaq qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubunda özünün məqsədini – zülm və küfrə qarşı çıxdığını belə bəyan edirdi: “Dünya əhli bilsin ki, səltənətə yetişməyə çalışan yalançı, üsyançı, dava-dalaşçı, məqampərəst, zalım deyiləm və belə məqsədlərim də yoxdur. Mən yalnız islah tələb edir, bu yolda qiyam qaldırıram. Mən öz babamın ümmətini – müsəlmanları nəhy əz-münkər (pisliklərdən çəkindirmək, yaxşılığa tərəf aparmaq) istəyirəm”.
Təəssüf ki, çoxları Kərbəla hadisəsini ideya və əqidə carçısı yox, rəyasət və mülkiyyətin savaşı kimi qələmə verirlər. Əgər belə olsaydı, İmam Hüseyn (ə) Yezidin ona təklif etdiyi Yəsrib vilayətini, cəddinin şəhərini – Mədinəni tərk etməz, susuz Kərbəla çölünə getməzdi.
Əgər mülkiyyət və rəyasət üstündə mübarizə getsəydi, onlar asanlıqla bölgülərə razılıq verib, aralarında yaranmış problemi həll edərdilər. Lakin bu heç də belə deyildi. Bu mübarizə din və əqidə üzərində qurulmuşdur. İmam Hüseyn (ə) İslamın meyarı olan imanın rəhbəri, Yezid isə küfrün nümayəndəsi idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi İslam şəriətini olduğu kimi yaşatmaq istəyirdi. Yezid isə bütpərəstliyi, qumarı, zinanı, şərabxorluq və bu kimi İslamın yasaq etdiklərini bərpa etmək istəyində idi.
İmam Hüseyn (ə) cəddinin gətirdiyi şəriətin həyatda qalması üçün bütün varından, qardaşlarından, övladlarından keçdi. O deyirdi: “Əgər cəddimin şəriəti mənim ölməyimlə diri qalarsa, ey qılınclar, gəlin məni doğrayın”. /demokrat.az/