AZİNFORM.AZ Kulis.az-a istinadən “İllərin mahnısı” layihəsindən “Dağlar qızı Reyhan” xalq mahnısı haqda maraqlı faktları təqdim edir.
1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. O, erməni daşnakları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib üstünə nəcis yaxır.
***
Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyil.
1928-ci ildə yenə də ermənilər tərəfindən "antisovet" damğası vurularaq, güllələnməyə məhkum edilir. Əslən Xaçmazın Padar kəndindən olan Reyhanı güllənmədən Mir Cəfər Bağırov xilas edir.
***
Dağlar qızı Reyhan, Reyhan
Parlaq dan ulduzu Reyhan, Reyhan...
Aləm sənə heyran, heyran, heyran ...
II
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
III
Gözəllər gözəli Reyhan, Reyhan,
Sevdamın əzəli Reyhan Reyhan,
Aləm sənə heyran, heyran, heyran ...
IV
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
V
Zil qaradır gözün Reyhan, Reyhan,
Baldan şirin sözün Reyhan, Reyhan.
Aləm sənə heyran, heyran, heyran...
VI
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir.
***
Bir versiyaya görə, mahnının sözləri şair Tələt Eyyubova məxsusdur.
***
1960-cı ildə mahnını ilk dəfə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib.
Lakin bu mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır.
***
1969-cu ildə Türkiyədə "Reyhan – Dağlar kızı" filmi çəkilmişdir. Bu filmdə də "Reyhan" mahnısından istifadə edilir. "Reyhan" mahnısı Azərbaycanla qonşu olan bir neçə qonşu ölkə dillərində də ifa edilib.
***
Hətta bu mahnını uzaq Koreyada da oxuyublar. Koreyalı xanım müğənni Joey Youngmi Azərbaycan mahnısı "Reyhan"ı Korea və Azərbaycan dillərində ifa edib. Mahnıya klip çəkdirən müğənni bu ifasını dünya şöhrətli Rəşid Behbudovun xatirəsinə həsr edib.
***
Maraqlı faktlardan biri odur ki, “Reyhan” mahnısı yeni təqdimatda türk serialı “Şahsiyet”de də səsləndirilib. Mahnı serialda təcavüzə uğrayan qızın taleyi ilə eyniləşdirilib.
AZİNFORM.AZ