Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji qazıntı işləri aparılır.
AMEA-dan AZİNFORM.AZ-a verilən məlumata görə, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri 1074-cü il – miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.
Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya rəhbərinin söylədiyi kimi, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib.
AZİNFORM.AZ