“Gedib parlamentdə qonaq kimi oturmaq deputat olmaq deyil” - Əməkdar artist
17-04-2023, 16:06

Mayın 14-də qardaş ölkə Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək. Namizədələr arasında teatr xadimlərini, incəsənət adamlarını tez-tez görmək mümkündür. İndiyə kimi qardaş ölkənin təcrübəsində mədəniyyət adamlarının deputat olmasının dəfələrlə şahidi olmuşuq. Bəs görəsən, bizdə niyə mədəniyyət adamları seçkilərdə iştirak etmək istəmir? Buna potensialları çatmır, yoxsa özləri istəmirlər?

Mövzu ilə Yenisabah.az-a danışan bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov bizdə də bu təcrübənin illər əvvəl yaşandığını, deputatlığa layiq sənət adamlarının çox olduğunu bildirib:

“Zamanında Xalq artisti Şəfiqə Məmmədova deputat olub, Məlik Dadaşov Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, Amaliya Pənahova, Maqsud İbrahimbəyov bu kimi vəzifələrin sahibi olublar. Baxır bu vəzifə üçün namizədliyini kim verir. Biri var külək kimi hər tərəfə əsən, biri də var əqidəsi düz olan, savadlı sənət adamı. Məsələn, rəhmətlik Fuad Poladov, Hüseynağa Atakişiyev kimi insanlar, həyata burnunun ucu ilə baxmayan, ürəyini sədası ilə yaşayan insanlar buna layiqdir. Belə insanlar niyə namizədliyini verməsin ki? Bu cür keyfiyyətlərə malik adamlar nala-mıxa vurmur, dövrün havasını oynamır, onların öz düşüncəsi olur. Əgər belə sənət adamları varsa, namizədliyini verə bilər.

Məsələn, mən özüm 2015-ci ildə yaşadığım Suraxanı rayonundan deputatlığa namizədliyimi vermişdim. Sadəcə olaraq son anda dostum, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olmuş Ağacan Əbilov seçildi. Həmin dairədən 8 nəfər namizəd vardı, birinci yeri Ağacan müəllim, ikinci yeri də mən tutdum. Mənə xeyli səs vermişdilər və bundan fəxr duydum”.

A.Bayramov qeyd edib ki, millət vəkili olmaq istəyən şəxslər özündə bir neçə xüsusiyyəti birləşdirməlidir:

“Kolçak Aleksandr Vasilyeviç Adlı admiral var, o, rus əksinqilabının rəhbərlərindən biri olub. Sovet hökumətinə qarşı vuruşub. Həmin vətəndaş müharibəsində Rusiya 20 milyon insan itirib. O vaxt Kolçak uzaq Şərqdə əraziləri Sovet hakimiyyətindən xilas etdikcə yazıb vururmuş ki, aktyorlara və yolunu azan qadınlara toxunmayın, onlar üçün fərqi yoxdur, hansı hakimiyyət olursa, olsun, onlar qorxulu deyillər. Onun bu sözündə bir məna var, sənət adamlarının bəlkə də 80 faizi bilinmir nəyə xidmət edir, külək hara əsirsə, o yana gedirlər. Amma saysız-hesabsız məramı, məqsədi, öz düşüncəsi olan sənət adamları da var. Əgər bir sənət adamı deputatlığa namizədliyini verirsə, gərək parlamentdə çıxış etməyi bacarsın, gündəlikdə qoyulan məsələlərə şəxsi münasibəti olsun, xalqın problemlərini dilə gətirə bilsin. Yoxsa gedib parlamentdə qonaq kimi oturmaq deputat olmaq demək deyil.

Sənət adamlarının namizədliyini verməyinə yaxşı baxıram, burada pis heç nə yoxdur. Amerikanın 300 milyon əhalisi var, bu qədər əhalini aktyor Ronald Reyqan fırladırdı. Reyqan Qorbaçovla birləşib Sovet hökumətini dağıtdı və o bir aktyor idi. Aktyor elə-belə adam deyil, amma baxır hansı aktyor. Onun geniş erudisiyası, tarixi, hüquqi biliyi olmalıdır, yoxsa çıxıb səhnədə bir obrazı oynamaqla ictimai xadim olunmaz!

Deputatlığa layiq olan sənət adamlarımız bu gün də var. Amma buna layiq olmayan, gedib parlamentdə qonaq kimi oturacaq adamlar heç namizədliyini verməsə, yaxşıdır. Deputat xalqın dərdini dilə gətirməyi bacarmalıdır, fikrini deməlidir, əgər bunlar onda yoxdursa, xala-xətrin qalmasın, mən üstümdə deputat mandatı gəzdirirəm, camaat mənə baş əysin düşüncəsi deputat olmaq demək deyil”.





up