"Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” - FOTO
8-03-2023, 15:15

“Qadın gülərsə, şu issız mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Zamanında Cavid əfəndi belə deyib. Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür. Dünyanın ən zəhmətkeş, əməksevər xanımlarının yaşadığı bu məmləkətdə də bayram qeyd olunur. Şəhərdə buketlərlə gedən bəyləri, gül dükanlarındakı növbələri, hədiyyələrini əlində bərk-bərk sıxan xanımları görürük. İlin bir günü verilən dəyərin qədrini yaxşı bilirik. Çox uzaqlarda, yaxud da yaxınlarda bayramı unudacaq qədər əziyyətlə yaşayan analarımız, bacılarımız da var ki, onları da unutmuruq. Şair demiş, soğan soya-soya ağlayan qadınlarımız da az deyil. Sübh tezdən iş üçün oyanan, əli qabarlı qadınlarımız, gözü yaşlı analarımız, zülmə, şiddətə dözən qızlarımız çoxdur. Onların da bayramıdır axı. İlin bir günü onlar üçün də özəldir. Bizim onlara əlimiz çatmaz, hər birini ayrı-ayrı təbrik etməyə də gücümüz yetməz. Amma zaman-zaman o qadınların obrazını kinoda, teatrda, səhnədə yaradan, hər birinin dərdini ürəyində hiss edib tamaşaçıya çatdıran, bəzən gülən, bəzən ağlayan, məşhur mahnıda da deyildiyi kimi, milyon kərə ölüb, milyon kərə dirilən xanımlara əlimiz çatır.

AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, səhnəmizin əfsanəvi qadın sənətçilərindən bir neçəsi ilə əlaqə saxlayıb, həm onları təbrik edib, həm də Azərbaycan xanımlarına ürək sözlərini öyrənib.

Xalq artisti Afaq Bəşirqızı qadının yüksək titullara sahib olduğunu vurğulayıb:

“Qadınların, anaların, xanımların bayramıdır. Bunlar hamısı yüksək titullardır. Qadının görün nə qədər yüksək titulları var. Ən əsası isə onlar qadındır. Əlçatmaz, müqqəddəs bir varlıqdır. İstərdim ki, bütün qızlarımız, qadınlarımız bu titulları mənimsəsinlər. Bu adlara layiq olsunlar. Onlara bu titullar nəsib olsun, xoşbəxt yaşasınlar. Eyni zamanda bu gözəlliyin, müqəddəsliyin, hörmətin qədrini bilsinlər. Qiymətləndirməyi bacarsınlar. Bayramınız mübarək”.

Xalq artisti Firəngiz Mütəllimova xanımlara qadın xoşbəxtliyi arzulayıb:

“Ən çox qadınlarımıza qadın xoşbəxtliyi, can sağlığı arzulayıram. Millətimizə, xanımlarımıza əmin-amanlıq sülhlə yaşamağı diləyirəm. Bəzi qadınlarımızın ürəyi daha həssasdır. Bəzi şeyləri əfv etməyi arzulayıram. Hər şeyin dərininə getməsinlər. Bu həyatda hər şey müvəqqətidir. Öz qədirlərini bilsinlər. Bütün xanımlarımızı ürəkdən təbrik edirəm. Heç bir ananın gözündən kədərdən yaş axmasın. Ancaq sevinc göz yaşları töksünlər”.

Əməkdar artist Gülşad Baxşıyeva da öz növbəsində arzularını dilə gətirib:

“Bütün Azərbaycan qadınlaırnı təbrik edirəm. Arzu edirəm ki, qadınlıqlarından qalmasınlar. Unutmasınlar ki, qadındırlar. Bu söz orta yaşlılarla, gənclərə daha çox aiddir. Hər zaman yadda saxlasınlar ki, qadındırlar. Bunu görürəm və duyuram ki, Azərbaycan qadınları bütün gözəlliklərə, yaxşılıqlara layiqdirlər. Allah hamısını qorusun”.







up