“Türkiyə mənim üçün Azərbaycandan sonra ikinci vətən sayılır. Mən oranı ölkəm qədər sevirəm. Orada baş verən hadisələrə heç vaxt biganə qalmıram. Bunu hər kəs bilir. Bu hadisə məni çox sarsıtdı, üzdü. Türkiyə böyük dövlətdir. Millətin birliyi, bərabərliyi var. Yenə də hər şey düzələcək, həyat öz axarında davam edəcək, amma burada çoxlu sayda insan tələfatı var. Orada çox dostlarım var. Hamısı ilə əlaqə saxladım, danışdım. Çoxu mənə deyir ki, qohumlarımız oradadır, amma ölüm-itim yoxdur. Hamısına baş sağlığı diləyirəm. Azərbaycanın başı nə vaxt dərddə olubsa, Türkiyə onun yanında olub. Bu gün də Azərbaycandan yardım üçün böyük bir heyət Türiyəyə getdi. Yəqin ki, bu yardımlar davamlı olacaq”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib.
“Hər zaman demişəm, yenə də deyirəm ki, biz mədəniyyətin əsgəriyik. Bizim sənətkarlardan fərqli olaraq mənim dünyaya başqa, fərqli bir baxışım var. Sənətkarlar, sənət insanları daha çox toy üçün çalışırlar. Onları da qınamıram. Yaşamaq üçün, dolanışıq üçün buna məcburdular. Amma mən hər zaman vətənpərvər mövzuda, Azərbaycan-Türkiyə, Turançılıqı əks etdirən musiqiləri ifa etmişəm. Hər bir sənətkarın bu cür mövzulara müraciət etməsi vacibdir, mütləqdir. Çünki elə məqamlar olur ki, sən hər şeyə hazır olmalısan. Bəzən mədəniyyətin təbliği, çətin günlərdə televiziyadan çıxıb bir söz söyləməklə insanların yarasına məlhəm olursan. Biz buna 44 günlük müharibəmizdə də şahid olduq. Bəzi sənətçilər yeni təbliğata başlayıb, mən isə ömür boyu milli düşüncədə, milli təfəkkürdə, bu təbliğatda olmuşam. Bundan əlavə Güney Azərbaycan mövzusu da mənim yaradıcılığımda öndə olub. Elə yerlər olub ki, mənə qadağa qoyublar ki, bu haqda danışma, amma mən danışmışam” deyə sənətkar bildirib.