“Çox üzülmüşük, özüm də pis vəziyyətdəyəm, qorxuruq, hər şey baş verə bilər..."
7-02-2023, 00:43

“Günorta saat 2-nin yarısı idi. 7.8 gücündə zəlzələni yaşadığımız Ankara şəhərində də hiss etdik. Özü də əməlli-başlı hiss olundu, çılçıraqlar tərpəndi, bina sözün əsl mənasında yelləndi. Amma gecə baş verən zəlzələni hiss etməmişik. Ola bilsin ki, yuxuda olmuşuq. Türkiyə sözün əsl mənasında böyük faciə yaşayır”. 

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudovanın qızı İntizar deyib. 

“Çox üzülmüşük, mən özüm də pis vəziyyətdəyəm. Çox şükür ki, həyat yoldaşımın qohumlarından heç biri zəlzələ olan bölgələrdə deyil. Çox qorxuruq, bütün xəbərləri televiziyadan alırıq. 100 ildə baş verən ən böyük zəlzələlərdən biridir. Azərbaycan da hər zaman olduğu kimi Türkiyəyə yardımlar göndərib. Bu xəbəri mən televiziyadan bildim. Allah ölkəmizi, millətimizi qorusun. Bizim hal-hazırda zəlzələ çantamız hazırdır, telefonlarımızı da şarj etmişik. Bir növ özümüzə təhlükəsiz şərait yaratmışıq ki, zəlzələ olarsa hazırlıqlı olaq. Allah göstərməsin, amma ehtiyat igidin yaraşığıdır. Hər şey baş verə bilər, Allah böyükdür” deyə aktrisanın qızı bildirib.
 
Xalq artistinin qızı deyir ki, ailəsi ondan nigarandır.
 
“Anam, bacım nigaran qalıblar. Hər dəqiqə başı zəng edib soruşurlar. Azərbaycandan bütün tanış-bilişlərim zəng edib maraqlanır. Mənimlə əlaqə saxlayırlar. 11 ildir ki, Ankaradayam. Artıq 2-ci zəlzələdir ki, şahidi oluram. 1-ci zəlzələ 2011-ci ildə Van şəhərində baş vermişdi” deyə aktrisanın qızı bildirib.





up