“Siyavuşla Ofeliya bir-birinə çox yaraşırdılar. Həm boy-buxunları, həm də xarici görünüş baxımından bir-birinə bənzəyirdilər. Deyirlər ki, ərlə-arvadın torpağı bir yerdən götürülüb, həqiqətən də bu belə idi. Onların hər ikisi Azərbaycan xalqının çox gözəl sənətçiləri olub. Bir neçə teatr və televiziya tamaşalarında birlikdə çıxış edirdilər. Siyavuş Ofeliyaya çox yaxşı baxırdı, onun üçün bahalı geyimlər alırdı. O vaxt kürklər, bahalı paltolar dəbdə idi. Ofeliya əlini nəyə uzadırdısa o dəqiqə hazır idi. Siyavuş onu bu qədər çox sevirdi”.
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a Siyavuş Aslan haqda danışan əməkdar artist Kübra Əliyeva deyib. O, daha sonra dediklərinə əlavə edib.
“Türkiyəyə qastrol səfərinə gedirdik. Siyavuş nədənsə narazı idi. Tez-tez küsürdü. Bu artıq onun xasiyyətinə çevrilmişdi. Həsən Turabov o yanına keçir, bu yanına keçirdi. Könlünü almağa çalışırdı. Hamı çaş-baş qalırdı ki, o getməsə necə olacaq? Səhər saat 6-dır, hamı gəlib teatra, avtobusa minib getməliyik. Siyavuş hamıdan əvvəl gəlib, öz yerini tutmuşdu. Deməyim odur ki, çox hövsələsiz idi, özündən çıxırdı. Partlaya bilərdi, nə gəldi deyə bilərdi, 10 dəqiqə sonra peşman olurdu” deyə o bildirib.
Kübra Əliyeva Siyavuş Aslanla bağlı bir faktı da açıqladı.
“Bir aktrisa ilə yaxınlığı olmuşdu. Ofeliya da bunu bağışlamadı. İllər keçdi, bu hadisə Ofeliyanın içində böyüdü, onun sinir sistemini pozdu. Bir insanla da yaxın olduğu söhbəti çıxmışdı. Yalandan deyirdilər ki, Siyavuş filankəslə sevgilidir, yaşayır. Mən bunu görməmişdim, hiss etməmişdim. Bir gün də “Nişanlı qız” tamaşasının məşqinə gedirdik. Mən öz "Jiquli" markalı maşınımla Siyavuşu aparırdım. Ona sual verdim ki, Siyavuş, bu söz-söhbət nədir?! Çünki bundan əvvəlki hadisəyə görə peşmanlığını dilə gətirmişdi. Dedi ki, əgər desələr ki, Siyavuş Kübra ilə görüşür, mən sənin maşınında gedirəm, bizi görə bilərlər. Amma inan Allaha, mən o insanı heç yaxından görməmişəm. Şayələr yayılmışdı, bu da onların arasının dəyməsinə gətirib çıxarmışdı” deyə sənətkar bildirib.
Kübra xanım Ofeliya Aslanın xəstəliyindən də danışıb.
“Ofeliyada bəzi xəstəliklər üzə çıxmışdı. Biz bunu Siyavuşa heç cür deyə bilmirdik. Bir bilsəniz Siyavuş necə ağlayırdı. O yerimirdi, elə bil havada gəzirdi. Hətta Ofeliyaya xəstəliyi ilə bağlı yardım etmək istədi, Ofeliya orda da onu səhv başa düşdü. Həkimləri ilə də gedib danışmışdı. Ayrılandan sonra bir müddət Siyavuş AZDRAMA-nın qrim otağında məskunlaşdı. Siyavuş çox cəhd etdi, amma Ofeliya deyirdi ki, səninlə barışa bilmərəm. Bir evin içində yaşasalar da, barışmırdılar. Ofeliya gətirib ona çay da verirdi, yemək də. Hiss etdirmirdilər ki, onlar danışmırlar. Ofeliya həmin xəyanətə görə Siyavuşu ölənə qədər bağışlamadı. Ofeliya ölüm yatağında olanda Siyavuş mənəvi cəhətdən ondan əvvəl ölmüşdü. Ofeliya ondan halallıq istəyir, “məni bağışla” deyir. Mərasim çadırının qarşısında məsum, beli bükülmüş Siyavuş gözümün qabağından hələ də getmir. Siyavuş ölən gününə qədər Ofeliyanın şəkilinə baxıb, onu arzulamışdı. Çox təəssüf ki, hər şey çox gec idi. Mən sonradan Siyavuşu kimisə sevən görmədim. Siyavuşun tək məhəbbəti Ofeliya idi” deyə aktrisa bildirib.