Günay İbrahimli şəxsi həyatı haqda bütün gizlinləri açdı: Xoşbəxtlik... - Müsahibə
21-07-2022, 09:30

AZİNFORM.AZ xəbər verir ki, məşhur müğənni Günay İbrahimli teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Günay xanım, yaxın günlərdə yeni mahnınızı təqdim etdiniz. Heydər Əliyev Sarayında konsert verməyi düşünürsünüz?

- Yay ərəfəsi olduğuna görə, istirahət mərkəzlərində konsert proqramı ilə çıxış edəcəyəm. Əslində pandemiyadan əvvəl Heydər Əliyev Sarayında konsertimiz baş tutacaqdı. Pandemiyaya görə konsert proqramımız təxirə düşdü. Hətta bir aya konsertin anonsları yayımlanacaqdı.

- Özünüzün geyim mağazanız var. Biznes sahəsinə başlamağınızın səbəbi nədir? Bu ideya necə yarandı?

- Bu ideyanı məndə insanlar yaratdı. Sosial şəbəkələrdə tez-tez xanımlar müraciət edirdilər ki, mağaza açın, geyimlərinizi satışa çıxarın. Əslində bir neçə il əvvəl fikirləşdim ki, İnstaqram səhifəsi açım və öz geyimlərimi orada satışa çıxarım. Sonra düşündüm ki, bunu keyfiyyətli və professional formada etsəm daha yaxşı olar. Ona görə də mağaza açmağı qərara aldım. Mağazamın müştəriləri əsasən zövqlü, gözəl xanımlardır və onların zövqünü dəyişməyə ehtiyac olmur. Zövqü formalaşmış xanımlar mağazama müraciət edirlər.

- Geyimləriniz zövqünüzə uyğun olaraq hazırlanır?

- Bizim komandamız var.


- Mağazanızdan başqa biznes sahəniz varmı?

- Xeyr, mağazamdan başqa hər hansı biznes sahəm yoxdur. Hansısa biznesim olsa deyərəm. İstəyirəm ki, gələcəkdə mağazamın filialları olsun. Şəhərin mərkəzində mağaza açım və paltarları satım. Bura mağaza ilə yanaşı atelye kimi fəaliyyət göstərir. Paltarlar dərzilər tərəfindən tikilir və müştərilərin bədən ölçülərinə uyğun satılır. Bəzi geyimlər isə kirayə verilir. Bu biznes sahəsini böyütmək istəyirəm. Bu, başqa ölkələrdə, Türkiyədə də ola bilər. Belə bir deyim var, "niyyətin hara, mənzilin ora".

- Son illərdə televiziyaya az-az çıxırsınız. Bunun səbəbi nədir?

- Efirə çıxıram, amma az... Çünki televiziyalardan narazıyam, ürəyimcə olan verilişlər çox azdır. Verilişlərə seçim edib çıxıram. Efir məkanında yalnız beş-altı verilişə çıxa bilərəm. Sanki verilişlərdə mövzu eynidir və dəyişik bir şey yoxdur.

- Bəzi həmkarlarınız verilişlərə tək çıxmaq istəyirlər. Sizin necə efirə çıxarkən hər hansı kriteriyalarınız varmı?

- Bəli, televiziyalara çıxanda dəvət edilən qonaqların kim olduğunu maraqlanıram.

- Həmkarlarınızdan kiminlə efirə çıxmaq istəmirsiniz?

- O qədər var ki...(gülür). Səmimi və məni çox istəyən insanlarla efirə çıxmaq daha maraqlı alınır.


- Hər zaman formanızı qoruyursunuz. Amma hazırda artıq çəki almısınız. Bu, nə ilə bağlıdır?

- Bəli, pandemiyada artıq çəki aldım, indi bir az arıqlamışam. Düzü, heç vaxt arıq olmamışam, həmişə balıq ətli olmuşam. Çox arıq olmaq mənə yaraşmır. Hazırda pəhriz saxlayıram, yeməyimə diqqət edirəm. Axşam saatlarında yemək yemirəm. Şirniyyat və çörəkdən isə imtina etmişəm.

- "TikTok" platformasından bir çox müğənnilər və xüsusən də aktrisa Pərvin Abıyeva yüksək məbləğdə pul qazandıqlarını bildirirlər. Siz necə bu platformadan pul qazana bilirsiniz?

- Onlar "TikTok"da canlı yayım açırlar, mən canlı yayıma girmirəm. "TikTok" platforması artıq dünyada yutub kanalını da keçib. Biz "TikTok"u qəbul etməsək də sosial şəbəkələr sırasında nömrə birdir. Mənim "TikTok" səhifəm var, oraya videolar yerləşdirirəm. "TikTok"a uyğun videolar yerləşdirəndə də yüksək sayda izlənilir, yarım milyon və yüksək...Amma elə videolar paylaşmaq da mənə aid deyil.

- Bir çox məşhurlar istirahətə gediblər. Siz necə harada istirahət etməyi planlaşdırırsınız? İstirahətinizə nə qədər pul xərcləyirsiniz?

- Ailəmlə birlikdə avqustda Bodruma getməyi planlaşdırırıq, hətta biletlərimiz hazırdır. Biletləri iki ay əvvəl almışıq, amma yenə də od qiymətinədir, otel xərcləri və s. İstirahətə ailə ilə gedəndə də büdcə artır. Ola bilsin ki, sentyabrın axırında Amerikaya gedim. Orada tədbirdə çıxış edəcəm. Evdəkilər hara istədilər, oraya bilet aldım. Hər il Antalyaya və başqa yerlərə gedirdilər. Bacım isə Bakıda olmur, onun işi xariclə bağlı olduğuna görə çox vaxt Avropada olur. Ümumiyyətlə, yayda Türkiyədə istirahət etmək daha maraqlıdır, günəşlənmək və s. Mart ayı olsaydı, Avropa ölkələri daha maraqlı olardı.



- Dediniz günəşlənməyi sevirsiniz, bəs Bakıda çimərliyə getmisiniz?

- Bəli, keçən il Bilgəhə getmişdim, bu il getməmişəm. Amma daha çox hovuzdan istifadə edirəm.

- Şəkillərinizin çəkiləcəyinə görə narahatlığınız var?

- Həqiqətən şəkillərimizi çəkirlər. Bir dəfə Novxanıda bir hovuza getmişdim, gördüm ki, kimsə məni çəkir, amma özünü elə aparır guya özünü çəkir. Adam özünü narahat hiss edir. Bilmirsən çəkdiyi şəkilləri də kimə göndərir. Bakıda çimərliklərdə rahat olmuram. Amma elə qapalı məkanlar var ki, rahat istirahət edə bilirəm.

- Son günlər sosial şəbəkədə hansısa həmkarınızla foto paylaşmırsınız. Əvvəl Sevinc və Sevil Səfərovalar və Ayan Babakişiyeva ilə çox paylaşım edirdiniz. Bu nə ilə bağlıdır?

- Ümumiyyətlə, həyatımı sosial şəbəkə üzərində qurmuram, çox şeyi İnstaqramda paylaşmıram. Hər şey adiləşib. Kimin nə etdiyini hamı görür. Müğənninin bəzi şeyləri özəl qalanda daha maraqlı olur.

- Səhnədə, yoxsa real həyatda özünüzü daha xoşbəxt hesab edirsiniz?

- İstər səhnə, istər də real həyatda olsun hər ikisində özümü xoşbəxt hesab edirəm. Suala cavab verməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, insan daim xoşbəxt ola bilməz. Xoşbəxt anlarımız var ki, yaddaşımdan heç vaxt silinməyəcək. Xoşbəxt anlarım isə tez-tez olur.

- Xoşbəxtlik şəxsi həyatınızla da bağlıdır?

- Səhnədə də, şəxsi həyatımda da xoşbəxtəm. Bir müddət çox söz-söhbət içində idim, bundan çıxa bilmirdim. İndi çox rahat həyatım var. Özümə bir həyat tərzi qurmuşam, evim, ailəm, işim və dostlarım. Axşam yenə dostlarımla görüşürəm, amma məsafə saxlayıram, çərçivəni keçmirəm. Çərçivəni keçəndə yaxşı olmur. Hamı ilə də münasibətim yaxşıdır. Vallah gəlib mənimlə öpüşüb-görüşürlər, sonra isə dalımca danışırlar. Elə bilirlər ki, bunları bilmirəm. Məlumatlıyam, amma üzlərinə demirəm.



- Şəxsi həyatınız da insanlara maraqlıdır. Hər kəs sizin ailə qurmağınızı gözləyir. Nə zaman ailə qurmağı planlaşdırırsınız?

- Allah nə zaman qismət edərsə, o zaman...Nə deyim?!

- Bu il toy gözləyəkmi?

- Mənim deməyimlə deyil ki...

- Həmkarınız Ayan Babakişiyeva yaxın günlərdə dedi ki, müğənniliklə deyil, biznesindən əldə etdiyi gəlirlə avtomobil alıb. Siz qazancınızla özünüz üçün nə etmisiniz?

- Düzü qazandığım pulla böyük bir şey etməmişəm, etmək fikim var. Çünki ancaq xərcləmişəm. Amma indi artıq adım mənə işləyir. Bu mərhələyə indi keçmişəm. Bizim qazancımız toy mərasimlərindəndir. Mağazamı yaxın günlərdə açmışam, yenidir. Yəni ki, bu biznes sahəsinə təzə keçmişəm, yeddi-səkkiz aydır ki, fəaliyyət göstərir. Toy mərasimlərindən və tədbirlərdən əldə etdiyim pul ilə avtomobil almışam.

- Ailə qurandan sonra sənətdən uzaqlaşmağı düşünürsünüz?

- Xeyr, sənətdən uzaqlaşmağı düşünmürəm. Axı, neçə illərdir ki, bu sahədəyəm. Onsuz da məni sevən insan belə bəyənib. Mənə niyə qadağa qoymalıdır ki, sənəti at!

- Kişi məclislərinə getmirsiniz. Bu həyatınızda olan şəxsin qadağası ilə belədir?

- Xeyr, özümə görə getmirəm. Kimsə qadağa qoymayıb. Bu günə qədər də kişi məclislərinə getməmişəm. Bundan da xoşum da gəlmir.
- Hamının istəyi sizin toy mərasiminizə gəlməkdir...

- Bəli, Sevda Yahyayevanın toy mərasimində maqazin verilişlərinin birində "Şou-biznesdə kimin ailə qurmasını istəyirsiniz?" sualına hamı mənim adımı çəkmişdi və mənə toy arzulamışdı. Belə bir söz var ki, "Allah heç vaxt gecikdirmir". Çox səbrli insanam. Dostlarım həmişə deyir ki, sənin kimi səbrli ikinci bir insan tanımırıq. Birdən-birə heç nəyi qırıb atan insan deyiləm. Amma səbrin də yeri var. Dostlarım da həmişə deyirlər ki, sənə həsəd aparırıq, sən çox səbrli insansan.

- Neçə övladınızın olmasını istəyərsiniz?

- İki uşağımın olmasını istəyərəm. Əvvəl qızımın olmasını istəyirdim, indi isə oğlumun olmasını istəyirdim.





up