Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə oktyabrda ərzaq mallarından yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib. Yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz artıb.
Lakin “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Bizim.Media-ya açıqlamasında DSK-nın məlumatı ilə razılaşmır:
“Yumarta əvvəlki aylarda 15, 16, 17 qəpiyə təklif olunurdu, indi də həmin qiymətə satılır. Əvvəl düşünürdük ki, sentyabrda məktəblərin açılması ilə əlaqədar yumurtanın qiyməti arta bilər. Lakin bu baş vermədi. Nəzərə alaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta 1-2 qəpik, toyuq əti isə 4-5 faiz aşağı qiymətə təklif olunur.
Söhbət topdansatış qiymətlərindən gedir.
Ola bilsin ki, şəbəkə marketləri və kiçik mağazalar yumurtanı 1-2 qəpik baha sata bilər. Ümumilikdə isə yumurtanın qiymətinin artmasına heç bir əsas yoxdur. Hazırda ölkə əhalisinin gündəlik yumurta ehtiyacı 3.6 milyon ədəddir.
Ölkə üzrə isə gündəlik 5 milyon ədədə yaxın yumurta istehsal edilir. Gördüyünüz kimi bu sahədə təklif tələbi üstələyir. Belə vəziyyətdə qiymət artımından söhbət gedə bilməz.
Mən əminliklə deyə bilərəm ki, 2024-cü ilin mart ayına qədər yumurtanın və toyuq ətinin qiymətində heç bir artım gözlənilmir”.
AZİNFORM.AZ