Son günlərini yaşadığımız 2022-ci il bütün dünyada və ölkəmizdə yüksək inflyasiya göstəriciləri, ərzaq böhranı və bahalaşma ilə yadda qaldı. Dünya miqyasında yaşanan qlobal problemlər ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Xüsusən də ərzaq qiymətlərində müşahidə edilən kəskin inflyasiya, əhalinin alıcılıq qabiliyyətinin böyük ölçüdə azalmasına səbəb oldu.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında inflyasiya göstəricisi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artmışdı. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən isə 15,1 faiz yüksəlib.
2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20,1 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunmuşdur.
Hesablama Palatasının rəyində bildirilib ki, 2023-cü ildə orta inflyasiya dərəcəsi 6,9 % proqnozlaşdırılır. Dünya Bankı isə Azərbaycanda inflyasiyanın bu il 12,5 %, 2023-cü ildə isə 9,5 %-ə yüksələcəyini proqnozlaşdırır.
Bəs növbəti il üçün istehlak bazarında vəziyyət necə olacaq?
AZİNFORM.AZ xəbər verir bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, açıqlanan rəsmi göstəricilər ümumi inflyasiyanı göstərir: “Ölkədə 13,8 faiz inflyasiya olduğu açıqlansa da, ərzaq qiymətlərində inflyasiyanın 21 faiz olduğu bildirilir. İnflyasiya hesablanarkən ödənişli xidmətlər, qeyri ərzaq məhsulların qiymətləri, istehlak səbətindəki məhsulların dəyəri nəzərə alınır. Bu gün elə ərzaq məhsulu var ki, qiyməti 40-50 faiz bahalaşıb. Ancaq qiymətində dəyişiklik baş verməyən ödəbişli xidmət sahələri də mövcuddur. Məsələn, cari ildə metronun, avtobusun, kommunal xidmətlərin bir çoxunun, 92 oktanlı benzinin qiymətində bahalaşma qeydə alınmayıb”.
Ekspert 2023-cü ildə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır: “Hökumət cari il üçün inflyasiyanın 12,5 faiz olacağını planlaşdırsa da, bu göstərici bir qədər yüksək oldu. Gələn il üçün inflyasiyanın 7 faiz olacağı proqnozlaşdırılır. 2023-cü ildə inflyasiyanın təkcə Azərbaycanda yox, qlobal miqyasda zəifləyəcəyi gözlənilir. İnkişaf Etməkdə olan Ölkələrin proqnozlarına əsasən, gələn il inflyasiya göstəricisi 9-10 faizdən aşağı düşəcək”.
“Təbii ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı inflyasiyaya müəyyən qədər təsir göstərəcək. Rusiya və Ukrayna həm ərzaq, həm də əmttə ölkələri olduğu üçün bu müharibənin mənfi təsirlərindən qorunmaq mümkün deyil. Ancaq hazırda taxıl dəhlizi açılıb, gələcəkdə bu yolla qeyri-ərzaq məhsullarının daşınması gözlənilir, həmçinin enerji qiymətləri də adaptasiya olunub. Ona görə də növbəti ildəki inflyasiyanın indikiindən daha yüksək olacağı gözlənilmir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına əsasən 8 aydır ki, ümumdünya ərzaq indeksində azalma baş verir. Hesab edirəm ki, biz bu azalmanı tədricən öz bazarlarımızda da görəcəyik”,-deyə ekspert bildirib.