“Qazaxdakı Damcılı bulağı heç kimə dədəsindən miras qalmayıb” - VİDEO
11-05-2023, 22:15

Tanınmış jurnalist Ayyət Əhməd sosial şəbəkədəki hesabında Qazaxdakı məşhur Damcılı bulağı ilə bağlı maraqlı və bir o qədər də etiraz dolu status paylaşıb. Damcılı bulağının xalqın üzünə bağlanmasının qəbuledilməz olduğunu bildirən jurnalist, sadə vətəndaşların məqsədli şəkildə bahalı istirahət məkanlarına yönləndirildiyini bildirib:

“Xeyli vaxtdır, Qazaxla bağlı yazmıram. Amma son zənglər doğrudan da məni dəng edir. Söhbət nədən gedir? Allahın bu xalqa bəxş etdiyi AVEY dağını, bu dağın döşündən süzülüb gələn DAMCILI bulağının qapılarını rayon və kənd camaatının üzünə taybatay bağlayıblar. Səbəb bu göstərilir: -Ora qoruqdur! Tamam, anlayıram qoruqdur, biz qoruğu yandıraq demirik. Amma və lakin uzun illər, Daş Salahlı camaatı və rayon əhli o qoruğu göz bəbəyi kimi qoruyub, bu günə kimi daşıya bilibsə, indi onu daha mükəmməl formada hifz edəcək. XXI əsrdir, hər kəs sivilləşib. Bu əvvəl də belə idi. Deyirsiniz, Damcılı qoruqdur, bəs Məmməd Kovxanın nəvəsinin əməyi, səyi nəticəsində ərsəyə gələn "Məmməd Kovxa bulağı"na nədir sözünüz?

Yerinizə cavab verim:- Qazaxda füsunkar təbiəti olan məkanlar ona görə qara camaatın üzünə qapadılır ki, 5 dost, 2 ailə oturub, dincəlmək istəyəndə təmiz havada, pür məkanda deyil, kimlərinsə əyləncə mərkəzləri və restoranlar şəbəkəsinə gedib, pul xərcləsinlər. Yəni əhali yoxsullaşsın, məmur piylənsin. Avey dağı, Damcılı bulağı, Qara bulaq - bunlar kiməsə dədəsindən miras qalmayıb. Allahın öz bəndələri üçün möcüzələr nəticəsində yaratdığı xaruqələrdir. Açın, o məkanları bu camaaatın üzünə! Kimsə gedib, Damcılıda 100 AZN-ə edəcəyi istirahəti Qazaxdakı hansısa restoranda 400-500 AZN-ə edir. Bu nə cib(ə)gir(mək)likdir, bu nə hoqqadır?! Xalqın olanı, xalqa qaytarın! Buna hansı qurum baxırsa, yuxarı instansiyalara yazmamış "yazdıqlarını" pozsun! Demədi deməyin! Hətta təklif edirik ki, o məkanları rayon və kənd camaatına ödənişsiz, kənar şəxslər üçün ödənişli (minimal) edin! Həmin təbiət dünyanın hansısa ölkəsində olsa idi, turistik məkana çevirib, büdcəyə gəlir gətirərdilər. Fransa Viktor Üqonun qəbrindən də pul qazanır. Bizsə o cür füsunkar məkanları insanların üzünə qapadırıq. Ki, kimlərsə restoran açıb, para qazansın! Hələlik bu qədər!”  /32gun.az/





up