Hacı Şahini yarı yolda qoyan ürək: Vaxtsız ölümlər niyə artıb?
6-03-2023, 23:47

Hacı Şahin Həsənlinin ürək çatışmazlığından qəfil ölümü kişilər arasında erkən ölümü yenidən gündəmə gətirib. Ürək-damar xəstəliklərindən vaxtrından əvvəl vəfat edən xəstələrin yaşı 45-50-dən təcricən 25 yaşa enir. Hətta bir çoxları özü də bilmədən infarkt keçirir. 

Statistikaya əsasən, kişilər qadınlara nisbətən infarkta daha çox düçar olur. Bəziləri bu xüsusda bir deyimi yada salır: "Qadınlar ağlayaraq ürəyini boşaldır, kişilər isə hər şeyi ürəyinə salır və sıxıntı içində yaşayırlar".

AZİNFORM.AZ  bildirir  ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-kardioloq Sevil Tərlanova bildirib ki, qadınlar ürək patologiyasına nadir hallarda tutulur:

“Qadınlar üzdən zərif, incə görsənir, lakin onların genetikası daha möhkəmdir. Kişilərdə xəstəliyə tolerantlıq qadınlara nisbətən aşağıdır. Kişilər qadınlarla müqayisədə tez-tez xəstələnir.

Təsadüfi deyil ki, Allah dünyaya övlad gətirmək kimi xüsusiyyəti məhz qadınlara bəxş edib. Bunun digər səbəbi qadınlardakı hormonal sistemlə bağlıdır. Onlarda qan tez-tez dəyişir, həmçinin, qadınlarda yeniləşmə prosesi daha müntəzəm şəkildə gedir.

Kişilər, qadınlarla müqayisədə daha çox işləyir, stress içində yaşayırlar. Xanımlara baxsaq, onlar gün ərzində kişilər qədər qida qəbul etmir, spirtli içkilərdən, siqaretdən istifadə etmir”.

Kardioloq Şəmşir Vəliyev isə hesab edir ki, ürək-damar sistemi azarı təkcə Azərbaycanda yox, bütün ölkələrin ölüm statistikasında birinci yer tutur:

“Yaşlı adamlarda bu halın müşahidə edilməsi genetik xəstəlik kimi qiymətləndirilir. Əgər xəstəlik onun irsiyyətində varsa, həmin şəxsin yoluxma faizi daha da yüksəlir.

Kişilərdə siqaret-tütün məmulatlarından, alkoqolik içkilərdən istifadə, stressli həyat, fiziki məşğulluqdan uzaq durma, oturaq həyat rejimi ürək-damar sisteminə mənfi təsir göstərir.

Gənclərdə ötən illərə nisbətən bu xəstəliyin müşahidə edilməsinin başlıca səbəbi energetik içkilərdən, narkotik vasitələrdən istifadə edilməsidir. Bu hal xüsusilə ölkəmizdə geniş vüsət almaqdadır. Öz təcrübəmə əsaslanıb söyləyim ki, son 5 ildə 50 yaşdan aşağı xəstələrə tək-tük hallarda rast gəlinirdi. Axır aylarda isə fikir verirəm ki, 30-35, hətta daha erkən yaşlı gənclər belə xəstəliyin qurbanı olur”.





up