Gənclər heykəllərdən nə istəyir? - Biri təsbeh qırır, biri ayaqqabı atır
6-01-2023, 15:34

Azərbaycanda zaman-zaman müxtəlif görkəmli şəxslərin heykəllərinə zərər vurulması ilə qarşılaşmışıq. Bu cür addımların ölkəmizdə heykəllərə qarşı normal münasibətin formalaşmaması məsələsini gündəmə gətirir. Görünən budur ki, cəmiyyətimizdə hələ də heykəllər bəzi şəxslər tərəfindən tarixi abidə, mədəniyyət nümunəsi, dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi amili kimi qəbul edilmir. 

AZİNFORM.AZ-un məlumatına görə, son dövrlərdə ölkəmizdə heykəllərə qarşı bu cür hallarla bağlı bir neçə nümunə də çəkmək olar.

Ötən ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayıldı. Görüntülərdə əks olunurdu ki, iki şəxsin Tağıyevin heykəlindəki təsbehi qıraraq yerə atır. Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edildi. Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanıldı. Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edildi.

Buna oxşar xəbər keçən ilin iyun ayında İçərişəhərin Qala divarında törədilən vandalizm aktı oldu. Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edildi və hadisəyə hüquqi qiymət verildi.

3 gün əvvəl isə dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayıldı. Görüntülərdən aydın olur ki, iki gəncdən biri digərinin ayaqqabısını heykəlin üzərinə atır. Sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Ölkəmizdə bu cür tarix və mədəniyyət abidələrinə ziyan vurma ilə bağlı qanunla cəza tədbiri də var. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu var ki, bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir. Bununla bağlı Cinayət Məcəlləsində 246-cı maddə Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamadır.

Bu cür əməlləri törədənlərə, eyni zamanda, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə də tədbir görülə bilər.




up