AYB-nin yeni sədri KİM olacaq? - TƏFƏRRÜAT
28-09-2022, 13:54
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Son günlər Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayına Xalq yazıçısı Çingiz Abdullayevin sədr postuna gətiriləcəyi barədə məlumatlar yayılıb. Hazırda AYB-nin birinci katibi olan Çingiz Abdullayevin sədr postuna gətirilməsi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Onun AYB-yə gəlişini təqdir edənlər də, tənqid atəşinə tutanlar da az deyil.

AZİNFORM.AZ bu barədə Azərbaycan Yazıçılar Birliyindən rəsmi mövqe öyrənməyə çalışıb.

Qurumun sözçüsü Xəyal Rza AZİNFORM.AZ-a açıqlamasında bildirib ki, Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır:

“Bununla bağlı qərar artıq verilib. 13-cü qurultayda da AYB sədrliyinə namizəd hazırkı sədr Xalq yazıçısı Anar müəllimdir. Alternativ namizədlər ola bilər. Amma Çingiz Abdullayev Anar müəllimlə bir yerdə işləyirsə, hazırkı sədrə niyə alternativ olsun ki?! Çingiz Abdullayev hazırda AYB-də birinci katib vəzifəsindədir. Əgər Anar müəllim namizədliyini irəli sürməsə, o zaman Çingiz müəllimin namizədliyini irəli sürə bilər. Hələ ki, sədrlik postuna namizədliyini irəli sürən Anar Rzayevdir. Alternativ namizəd olmaq istəyənlər də buyura bilər”.

Xəyal Rza bu günlərdə Mətbuat Şurasına sədr seçilən Rəşad Məcidin AYB-dəki hazırkı vəzifəsində qalıb-qalmayacağına da münasibət bildirib:

“Rəşad Məcid AYB sədrinin müavinidir. O, öz postunda qalacaq. Daha doğrusu, postunda qala bilər. Onun digər təşkilatda sədr olması AYB-dəki vəzifəsində qalması üçün heç bir problem yaratmır”.

Yazıçı Aqil Abbasın reaksiyası da Yazıçılar Birliyinə Çingiz Abdullayevin sədr gətirilməsi xəbərinə reaksiyası birmənalı olmayıb.

O deyib ki, bu barədə yalnız bir cümlə deyə bilər: “Anar müəllim AYB sədrliyinə namizədliyini irəli sürəcəyi halda mən onu dəstəkləyəcəyəm”.

“Budəfəki seçkilərdə gənclərdən kiminsə Yazıçılar Birliyinə sədr gətirilməsi mümkündürmü? – sualına yazıçı və deputat Aqil Abbasın baxışı da mühafizəkar olub:

“Ona qalsa, Çingiz Abdullayev də gəncdir. O qədər də qoca deyil. Yazıçılar Birliyi seçkili orqandır. Doğrudur, gənclərə etimad göstərilməlidir. Amma hər şeyi gənclərin əlinə vermək olmaz. Hər şey açıq və ya gizli səsvermə ilə olur. Qurultay iştirakçıları kimi istəsə, ona da səs verə bilər. Layiq olsa, gənc namizədlərə də səs verilə bilər. Layiq olmasa, səs ala bilməyəcək. Məndən olsa, sədr Rəşad Məcid olardı. Uzun müddət orada işləyib. Bir qədər də gənc sayılır. Söhbət ondan gedir ki, 30 yaşında bir oğlana sədr postunu həvalə etmək nə dərəcədə doğrudur?!”.

“Bəs Xalq yazıçısı Anarın atası Rəsul Rza AYB sədri olanda 28 yaşında idi, ona sədrlik postunu necə həvalə etmişdilər?” – sualına deputat yazıçının cavabı da özünəməxsus olub:

“O zaman Yazıçılar İttifaqı nazirlik idi. O vaxt bu qurum başqa cür idarə olunurdu. Hətta 23-25, 30 yaşında olan birini də həmin posta sədr qoya bilərdilər. 2000 üzvü olan bir təşkilatdır. Bu dəfə sədrin kim olacağını yalnız Allah bilir. Yenə deyirəm, sədr Anar müəllim olarsa, onu dəstəkləyəcəyəm”.

Qeyd edək ki, şair, Prezident təqaüdçüsü, Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərli AYB-nin 13-cü qurultayında hazırkı sədr Anara alternativ namizəd olacağını açıqlayıb.

Məlumat üçün xatırladaq ki, hazırkı sədr Anar Rzayev 1987-ci ildən adıçəkilən quruma rəhbərlik edir. AYB-nin 13-cü qurultayının oktyabr ayında keçirilməsi nəzərdə tutulur.  /publika.az/  





up