Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili təqribən 60 metr hündürlükdən dərəyə yuvarlanıb, avtomobilə yaxın ərazidə 2 nəfərin meyiti aşkar edilib. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov dünyasını dəyişib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki şəxsin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilə baxış zamanı orada heç kimin olmadığı müəyyən olunub.
Axtarış işlərini davam etdirmək zərurəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hal-hazırda Qudyalçay çayında və çayətrafı ərazidə axtarış işləri aparılır.