Müharibə iştirakçısının yaydığı video ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
9-09-2022, 20:38

Sosial şəbəkədə Vətən müharibəsi qazisi Tağızadə İlqar Mənəf oğlunun iş və özünüməşğulluq proqramında iştirak etmək üçün Dövlət Məşğulluq Agentliyinin İmişli rayon şöbəsində çəkiliş aparması ilə bağlı görüntülər yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, görüntülərdə İ. Tağızadə ona özünüməşğulluq üçün ev heyvanı verilmədiyini bildirərək işlə təmin olunmağını istəyib. Agentliyin İmişli şöbəsi rəsmisinin çəkilişi bitirmə tələbindən sonra videoçəkiliş dayandırılıb.  

Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi açıqlama yayıb. Məlumatda İ. Tağızadənin Agentliyin İmişli rayon şöbəsində qəbul qaydalarını pozması, icazəsiz çəkiliş aparması qeyd olunub: "Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib. 

Qalib ordumuzun əsgəri adindan sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir. Bu barədə Vətən müharibəsi veteranlarının sosial dəstəklə əhatə olunması, onların qarşılaşdıqları çətinliklərin həlli məqsədilə ardıcıl işlər görülür və bu barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim olunur". 

Agentlikdən həmçinin bildirilib ki, İ. Tağızadənin Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq ona 1 yanvar 2022-ci il tarixindən müharibə veteranı statusu verilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Bundan başqa, İlqarın özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu üçün, qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib. 





up