FHN-in bir neçə əməkdaşının videolarının yayılmasında şübhəli bilinən şəxs tutuldu - VİDEO
7-09-2022, 21:00

Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

 Müəyyən olunub ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. Xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. 

Hazırlanan qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. 

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığını pozma, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. 

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


AZİNFORM.AZ



up