Deputat Sevinc Fətəliyeva ilə bağlı qalmaqal səngiməmiş ölkə gündəminə növbəti "bomba" atıldı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iş yerində intim görüntüləri yayıldı. Artıq üç gündür, hamı bu görüntülərdən danışır. Məlum videolar Facebook, YouTube, İnstagram, TikTok və digər sosial şəbəkələrdə "trend"ə çevrilib. Ölkədə hər kəs bu iyrənc hadisələri müzakirə edir.
Nə baş verir? 2014-cü ildə çəkilən bu görüntülər niyə məhz indi yayılır? Son vaxtlar millət vəkillərini qaralamaq məqsədi daşıyan, kontekstdən çıxarılmış və ya uydurulmuş sitatlarla sonuncu olayın - FHN əməkdaşlarının intim görüntülərinin yayılması arasında əlaqə varmı? Suallar və qaranlıq məqamlar çoxdur. Bu yazıda da elə son olaylardakı ümumi cəhətlər, diqqət çəkən məqamlardan danışacağıq.
Prosesin eyni mərkəzdən idarə olunub-olunmadığını aydınlaşdırmaq üçün son bir neçə həftədə baş verənlərin məntiqi ardıcıllığına diqqət yetirmək kifayətdir. Xatırlayırsınızsa, ötən həftə Mətbuat Şurası Baş Prokurorluqla birgə media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması mövzusunda konfrans keçirdi. Çoxları bu konfransı media azadlığına qarşı və sosial şəbəkələrin filtrasiyasına yönələn addım kimi dəyərləndirdi. Ancaq indi aydın olur ki, hakimiyyətdə tezliklə sosial şəbəkələr və mediada yeni, həm də çox geniş kampaniyanın başlayacağı barədə məlumat varmış. Sözügedən konfrans da elə bu siqnalı cəmiyyətə, media rəhbərlərinə ötürmək məqsədi daşıyırdı. Məhz elə bu konfransdan sonra deputat Sevinc Fətəliyevanın məlum saxta sitatı ("Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığımdan 2-3 gün evə getməyib oteldə qalıram") tirajlamağa başladılar. Fikir verdinizsə, bu məsəldə azərbaycanlı düşüncəsində o qədər də xoş assosiasiya doğurmayan "otel" ifadəsini xüsusi qabardırdılar. Məqsəd aydın idi: xanım deputat, onun əxlaqı haqqında mənfi fikirlər formalaşdırmaq! Qeyd edək ki, bundan öncə digər millət vəkilləri barədə də oxşar saxta statuslar paylaşırdılar.
Elə qənaət yarana bilər ki, bütün bunları deməklə hazırda hədəfə gətirilən FHN-ni müdafiə etmək fikrindəyik. Qətiyyən. Sadəcə, baş verənlər prosesin vahid mərkəzdən, həm də xaricdən idarə olunduğuna şübhə yeri qoymur. Bunu isbatlayacaq daha bir fakt. Millət vəkili Sevinc Fətəliyeva ilə bağlı məsələ sosial şəbəkələrdə qızğın müzakirələr davam etdiyi bir vaxtda uzun müddətdir xaricdə məskunlaşan, eyni zamanda Azərbaycandakı müxalifət partiyalarından birinin sədrinin yaxın qohumu olan bir şəxs müxtəlif dövlət strukturlarında vəzifəli şəxslərlə onların katibələri və işçiləri arasında intim münasibətlərdən bəhs edir, buna dair görüntülərin əldə edildiyini bildirir, "videolar gəlsinmi" deyə sual edirdi. Bəli, bu anonslar çox davam etdirilmədi.
Görünür, kimlərsə Sevinc Fətəliyeva ilə bağlı məsələnin hay-küyü yatmamış Azərbaycan gündəminə ikinci "bomba"nın atılmasında maraqlı idilər və onların sifarişi dərhal icra olundu. FHN polkovniki Zaur Mirzəyevin nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasında ayrı-ayrı xanım əməkdaşlarla intim münasibətlərini əks etdirən bir neçə video, eləcə də fotoşəkillər yayıldı. Və budur, müzakirələr üç gündür davam edir. Ancaq hələ də bu qalmaqalın özündə də aydın olmayan, sual doğuran bir sıra məqamlar var. Ən əsas suallar isə bunlardır: Zaur Mirzəyev ayrı-ayrı qadınlarla intim münasibətdə olmasını niyə videoya çəkib? Həmin video ba.qalarının əlinə necə keçib?
Birinci sualla bağlı irəli sürülən versiya ondan ibarətdir ki, Zaur Mirzəyev sonradan həmin videolardan istifadə edərək, intim münasibətdə olduğu qadınları şantaj edib. Bu, istisna deyil. Və hətta gəlin fərz edək ki, bu versiya həqiqətdir. Onda ortaya belə bir sual çıxır: Həmin qadınlar Dövlət Yanğından Mühafizə Xidmətində nə dərəcədə önəmli post tutublar? Zaur Mirzəyev onları maddi marağı, yoxsa hansısa informasiyaları əldə etməsi üçün şantaj edib? Axı onun vəzifəsi - FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovun köməkçisi olması Zaur Mirzəyevə həmin xidmətdə istənilən informasiyaya çıxış imkanı verirdi. Eyni zamanda hansısa şöbə rəisi və ya katibənin hansı böyük maddi imkanları ola bilər ki, Zaur Mirzəyev onları şantaj etsin. Axı həm də Azərbaycan reallığında əksi baş verir: hansısa yüngül əxlaqlı qadınlar özləri vəzifəli şəxslərlə məhz karyera və ya hansısa imtiyazlar, maddi maraqlar üçün intim münasibətlərə girirlər.
Ən qaranlıq məsələ isə qeyd etdiyimiz kimi, Dövlət Yanğından Mühafizə Xidmətinin binasında baş verən, Zaur Mirzəyevin özü tərəfindən çəkilən görüntülərin "söyüş müxalifəti"nin (hətta ola bilsin ki, xarici kəşfiyyatın) əlinə necə düşməsidir.
Məsələ burasındadır ki, hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, Zaur Mirzəyevin harada olduğu haqqında heç bir məlumat yoxdur. Onun həbs olunduğu açıqlanmayıb. Eyni zamanda 2014-cü ildə FHN əməkdaşları ilə intim görüntülərini telefonun yaddaşına köçürən seksapil polkovnikin hazırda Dövlət Yanğından Mühafızə Xidmətində işlədiyi, yoxsa, başqa qurumda çalışdığı da açıqlanmır. Bəlkə, 2014-cü ildən sonra o, incidilib, artıq xaricdədir və videogörüntüləri də özü yayıb. Bu, sonuncu versiya əlbəttə, istisnadır. Çünki onun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun yaxın qohumu olduğu bildirilir və Zaur Mirzəyev əgər xaricə gedib "söyüş müxalifəti"nə qoşulsaydı, onda yəqin ki, Heydər Əsədov da rektorluqdan uzaqlaşdırılardı... Bəlkə, Zaur Mirzəyev hansısa xarici kəşfiyyat orqanı tərəfindən "verbovka" olunub və ona bu cür videolar çəkmək tapşırığı verilib? Bu da istisna olmasa da, az inandırıcıdır. Daha bir versiya, Zaur Mirzəyevin görüntülərinə kənar bir şəxs, deyək ki, intim münasibətdə olduğu qadınlardan hansısa biri daxil ola bilib və nəyə görəsə ondan qisas almaq üçün bu görüntüləri yayıb? Versiyalar, suallar həddən artıq çoxdur. Artıq Baş Prokurorluq məsələni nəzarətə götürülüb və yəqin ki, bütün bu versiyalar istintaq zamanı nəzərdən keçiriləcək.
Qaldı, bu olayın FHN-nin imicinə, nazir Kəmaləddin Heydərovun və olayda adı hallanan digər vəzifəli şəxslərin karyerasına, gələciyinə təsirinə, bu barədə növbəti yazımızda... /bakupost.az/
AZİNFORM.AZ