Azərbaycanda cinayət əməli törədərək xaricə qaçmış iki nəfər ölkəyə ektradisiya olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, Azərbaycan vətəndaşları Loğman Mütəllimov və Ruslan İbrahimzadə ekstradisiyası haqqında vəsatətlər Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.
Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə L.Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon polis idarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıb.
1 sentyabr 2022-ci ildə Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər. /qafqazinfo/