“Səyahət agenti olduğunu deyib məni istirahətə göndərmək adı ilə ümumilikdə 4500 manat ziyan vurub. İndi tapılmır. Harda olduğunu heç kim bilmir”.
AZİNFORM.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Emin Həsənov müraciət edib. Vətəndaşın sözlərinə görə, bir müddət öncə tanış olduğu və özünü səyahət agenti kimi təqdim edən Nəzrin Qurbanova ona qarşı dələduzluq edib: “6-7 ay öncə bir dostum instaqram səhifəsində Türkiyədən fotolar paylaşmışdı. Mən də ora necə getdiyini soruşdum. O da bildirdi ki, bu səyahət ona cəmi 250 manata başa gəlib. Bundan sonra məsələ mənim diqqətimi çəkdi və bu səyahətin təşkili ilə bağlı maraqlandım. O da məni həmin xanımla tanış etdi. Bir dəfə zəng edib danışdım. Turlarla maraqlandım, lakin hələ ki, heç bir ödəniş etmədim. Bir müddət sonra tanışlarımdan yenə bu agentin köməkliyi ilə gedən oldu və mən yenidən xanımla əlaqə saxlayıb 2200 manat ödədim. Düz, 8 günlük məni İstanbula göndərdi. Heç bir problem olmadan gedib-gəldim. Çox gözəl istirahət etdim. Düşünüdüm ki, bir müddət sonra yenidən gedərəm. Başqa bir dostum da nömrəsini məndən alıb danışdı və istirahətə getmək üçün 6500 dollar ödədi. Həmin an hər şey hazır oldu. Bundan əlavə bir tanışımızı da İzmirin ən bahalı hotelinə çox ucuz qiymətə istirahətə göndərdi. Bütün bunlardan sonra mən yenidən istirahətə getmək üçün müraciət etdim. Mənimlə bərabər iki nəfər də ondan tur aldı. Turun biri təsdiq olundu, ancaq mənlə bərabər o biri yoldaşa heç nə verilmədi. Dedilər, “gözləyin, gedənə yaxın hər şey hazır olacaq”. Lakin olmadı”.
Şikayətçi bildirir ki, elə hər şey bundan sonra başlayıb. İstirahətdə olan bir dostunun gəlişi üçün bileti də özü alıb: “Ona deyiblər, “özün bilet al gəl, pulunu verəcəyik”, lakin verməyiblər. Mənim istirahətimdə də xoşagəlməz hallar yaşanmağa başladı. Dəqiq tarix deyilmədi. Gah “hoteldə yer yoxdur”, gah “indi alınmır” kimi sözlər dedi. Beləcə aramızda mübahisələr yarandı və mən ondan pulumu geri qaytarmağını istədim. Bu xanmla söhbətimiz təxminən 14 gün əvvəl oldu”.
Emin Həsənovun sözlərinə görə, vəziyyətdən şübhələndiyi üçün 6 ay əvvəl Nəzrin onları istirahətə göndərərkən işlədiyi şirkətlə də əlaqə saxlayıb: “Şirkətdən dedilər ki, bu adda xanım onlarla işləyib. Şirkətdən o da bildirildi ki, Nəzrin onlardan xahiş edib ki, axırıncı turları bron etsinlər. Pul verilmədiyi təqdirdə ləğv olunsun. Sonuncu bütün uçuşlarda pulla bağlı problem yaranıb. Mən də dedim ki, biz pulu ödəmişik. Şirkətdən isə bildirildi ki, onlara pul köçürülməyib və buna görə də iyulun sonuna qədər pul köçürülməsə, ləğv olunacaq”.
Vətəndaş deyir ki, onlara ümumilikdə 100 000 manata yaxın ziyan dəyib: “Dostlarım, iş yoldaşlarım hamısı istirahətə getmək üçün bu xanıma müraciət etmişdi. Ümumilikdə bizə 28 500 dollar (48450 manat) və 43000 manat ziyan vurub. Yəni, 100 000-ə yaxın. Bundan başqa, məlumat almışam ki, bir azərbaycanlı xanıma 120 min manat, başqa bir qadına 100 min dollar ziyan vurub. Nə zənglərə cavab verir, nə mesajlara. Yerini də bilən yoxdur. Məsələ ilə bağlı polisə müraciət etmişik. Həm Səbail, həm də Xətai rayon polis bölmələrinə ərizə yazmışıq”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin müraciət qeydə alınıb və hazırda müraciətlə bağlı araşdırma aparılır: "Vətəndaşın müraciəti Səbail Rayon Polis İdarəsi tərəfindən qeydə alınıb. Hazırda İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
AZİNFORM.AZ