Qardaş qardaşı arvadına aldığı bayram hədiyyəsinə görə bıçaqladı
18-07-2022, 23:10

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsu rayonunda fermada qardaşını bıçaqlamaqda təqsirləndirilən Əmrah Mənəfovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib. Əmrah Mənəfov dərhal məhkəmə iclas zalından həbsdən azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə bu il martın 7-si saat 22 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Əmrah Mənəfov qardaşı Nurməhəmməd Mənəfovun şəxsi münasibətlər zəminində qarın nahiyəsinə bir bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İttahamda göstərilib ki, Kürdəmir rayonu Sorsor kəndində yaşayan Nurməhəmməd ailəsi ilə birgə Ağsuda fermada çoban işləyən qardaşı Əmrahın qaldığı yerə qonaq gəlib. Digər qardaşı Elməddin isə 8 Mart qadınlar bayramı günü münasibətilə anası, onun arvadı və Nurməhəmmədin həyat yoldaşına hədiyyə alıb. Elməddin hədiyyələri verdikdən sonra saat 22 radələrində o, işlədikləri və yaşadıqları fermada birlikdə yemək yeyərkən bir qədər spirtli içki qəbul edib.

Daha sonra Əmrah Elməddinin onun arvadına aldığı gün əleyhinə kremə görə qardaşı ilə mübahisə edib. Səsə gələn Nurməhəmməd mübahisəyə müdaxilə edib. Bu zaman Nurməhəmməd onları sakitləşdirmək məqsədi ilə Əmraha şillə vurub. Əmrah isə hiddətlənərək mətbəxdə olan stolun üzərindən götürdüyü bıçaq ilə Nurməhəmmədin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurub.

Daha sonra yaralı xəstəxnaya aparılıb və onun həyatını xilas etmək mümkün olub.  /pravda.az/





up