Ötən il mayın 30-dan 31-nə keçən gecə Bakının Sabunçu rayonunda 31 yaşlı Türkan Cəbrayılovanın (ad və soyad şərtidir) qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1993-cü il təvəllüdlü Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq 181.3.3 – zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndirilib.
İstintaq zamanı məlum olub ki, "Atef" şirkətlər qrupunda anbardar vəzifəsində işləmiş Eynur Türkanla sosial şəbəkə vasitəsilə hadisədən təxminən 6 ay əvvəl tanış olub. Daha əvvəl ailəli olmuş və həyat yoldaşından boşanan qadın Eynurla bir neçə dəfə tək yaşadığı mənzildə görüşüb.
Mayın 30-da onlar növbəti dəfə görüşərkən Eynur Türkanın 14 min manatdan artıq pulunun olduğunu öyrənib. Həmin pulları ələ keçirmək məqsədilə o, qadını öldürmək qərarına gəlib. Gecə saatlarında 31 yaşlı Türkan Ucarda yaşayan bacısı ilə telefonda danışarkən Eynur Əlizadə ona hücum edərək naqillə boğmağa başlayıb.
Məhkəmə prosesində məlum olub ki, E.Əlizadə Türkanı qətlə yetirdikdən dərhal sonra Bakıxanov qəsəbəsindəki evdən 14700 manat pulu və onun telefonunu götürərək çıxıb. Hadisədən sonra Aygün (şərti adlı) adlı sevgilisinə zəng edərək ona kirayə avtomobil götürərək Koroğlu stansiyasının yanına gəlməsini bildirib və taksi ilə həmin qadına 1000 manat göndərib. Aygün "Rent a car"dan avtomobil kirayəyə götürərək həmin yerə gəlib və onlar birlikdə Şamaxı rayonuna istirahətə gediblər. Mayın 31-dən iyunun 2-dək Şamaxıda və İsmayıllıda otellərdə istirahət edən cütlük daha sonra Bakıya qayıdıb. Şamaxıda olarkən Eynur Aygünə 660 manat dəyərində qızıl-zinət əşyaları da hədiyyə alıb.
Bakıya qayıtdıqdan sonra polis Eynurun yerini müəyyən edərək onu saxlayıb və istintaqa təhvil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may tarixli hökmü ilə Eynur Əlizadə yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinib. Ona 18 il həbs cəzası verilib.