Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “Hyundai” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.