Keçmiş rektor: “Məhkəməyə könüllü gedəcəyəm, zorla aparılmağa lüzum yoxdur”
16-02-2023, 11:20

“Mən Türkiyədə olduğuma görə məhkəmə proseslərinə gedə bilməmişdim. Mənim məhkəməyə zorla aparılmağıma lüzum yoxdur, növbəti prosesə özüm gedəcəyəm”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sabiq sədri, Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva 226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməyə məcburi gətirilməsi barədə qərara münasibətinə deyib.

O, bildirib ki, təqsirləndirilən şəxsin ona qarşı dedikləri həqiqət deyil: “Mən gedib, ifadəmi də verəcəyəm. Mənim hansısa günahım yoxdur. Məni şahid kimi çağırırlar”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il vəzifələrinin hər ikisini itirən Nurlana Əliyevanın məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

Bu cinayət işində söhbət 200 mindən artıq yeyintidən gedir.

226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə təqsirləndirilən Dürdanə ƏliyevaBakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olub. Cinayət işinin materiallarında iddia olunur ki, şöbə müdiri bu universitetdə ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürməyib.

Həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldadıb. Cinayət işində 100-dən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir.

Dürdanə Əliyeva məhkəmədə bütün günahın rektorun üzərində olduğunu deyib. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar: “Mən bu işləri tək görə bilməzdim…”.

Məhkəmədə bundan öncə təqsirləndirilən Əliyevanın vəkili vəsatət verib ki, sabiq rektor çağırılıb dindirilsin. Hakimlər də bu vəsatəti təmin edib. Lakin Nurlana Əliyeva məhkəməyə gəlməyib. Ona görə də bu dəfə onun məcburi gətirilməsinə qərar verilib. Məcburi gətirilmə o deməkdir ki, şəxs könüllü şəkildə məhkəmənin çağırışı ilə gəlməkdən imtina edirsə, bu halda, daxili işlər orqanlarına məlumat verilir və polis vasitəsilə gətirilir.





up