Tanınmış meyxanaçı Rəşad Dağlı qətl törətməkdə şübhəli bilinir.
AZİNFORM.AZ "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, iddialara görə, Rəşad Dağlı (Əmirov) ilə İsgəndər Mehtiyev arasında mübahisə meyxanaçının bir neçə gün əvvəl narkotiklə bağlı dediyi bir bənd üstündə yaranıb.
Bu meyxanadan sonra həbsdən yeni çıxan İsgəndər Mehtiyevin onun haqqında nalayiq ifadələr işlətdiyi bildirilir.
Məlumata görə, meyxanaçı son olaraq dünən gecə Bakıdakı şadlıq evlərinin birində keçirilən toyda iştirak edib. Rəşad Dağlı toyda həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan yeni meyxana deyib.
Rəşad Əmirovun toydan çıxdıqdan sonra Yasamal rayonuna gedərək haqqında xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehtiyevi görüşə çağırdığı iddia olunur. 38 yaşlı meyxanaçının həmin şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə apararaq qətlə yetirdiyi bildirilir. O, səhər saatlarında Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə gələrək təslim olub. Mərhumun qardaşı Etibar Mehtiyev “Xəzər Xəbər”ə hadisənin hansı səbəbdən baş verdiyi haqqında məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hər iki şəxs uzun müddətdir ki, bir-birini tanıyır.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda iş üzrə istintaq davam edir.