Antalyada ən populyar ifadə: “Ərəblərin adı çıxıb, para azərilərdədir”
14-08-2022, 18:06

Yaradıcı adamlar paxıl olur. Sovet dövründə belə olub, indi də belədir. İstisnalar var. Amma əksəriyyət bir-birinin paxıllığını çəkir. Caviddən, Müşfiqdən, Əhməd Cavaddan danosları öz həmkarları yazıb. Onlar 35 yaşında Cəfər Cabbarlının axırına çıxıb, Səməd Vurğunu yaradıcılığının ən parlaq dövründə xəstə yatağına salıb öldürüblər.

Onlarla məşhur bəstəkar, rejissor, aktyor var ki, bu dünyadan köçəndə bir-birilə küsülü olub. Niyazi, Fikrət Əmirov, Adil İsgəndərov, Yusif Vəliyev, Hacıbaba Bağırov, Siyavuş Aslan... Bu siyahını uzatmaq olar. Heç Anarın, Elçinin, Əkrəm Əylislinin də can deyib, can eşitdiyini görmədik, duymadıq. Bu adamlar nəyi bölə bilməyiblər? Araşdırsaq, dərinə getsək, görərik ki, ortada kiçik maddi maraq, beş-on manatın söhbəti olub. Bəzən isə ortada heç maddi maraq da olmayıb, intriqa üçün kiçik bir bəhanə olub: "Niyə sənin kitabın mənim kitabımdan qabaq çıxdı?"

Avqust ayının ən qızmar günlərini yaşayırıq. Dəhşətli istidən xilas olmaq istəyənlər başlarını götürüb Bakıdan qaçırlar. Pulu çox olanlar xarici ölkələrə üz tuturlar. Pulu az olanlar isə hansısa rayona üç-dörd günlük pənah aparırlar. İsmayıllıda, Oğuzda, Şəkidə, Zaqatalada ortabab evlərin günlük kirayəsi 40-50 manatdır. Quba-Qusar, Masallı-Lənkəran, Lerik bölgəsində də təxminən eyni qiymətlər hakimdir. Bu il müşahidə etmişəm: çox vaxt iki qohum, dost ailə birləşib bir ev tutur. Nəticədə hər gün üçün 50 deyil, 25 manat ödəyirlər. Yoxdansa, buna da şükür.

Sosial şəbəkələrdəki dostlarımın əksəriyyəti jurnalistllər, yaradıcı kateqoriyaya daxil olan digər peşə sahibləridir. Təbii ki, kimsə getdiyi rayondan şəkil paylaşır. Kimsə uca, yaşıl bir ağacın altında kölgələnərkən bunu fotokameranın yaddaşına köçürmək istəyir. Həmin adama "oliqarx" damğası vurulduğunun dəfələrlə şahidi olmuşam. Özgələri deyil, öz dostları, həmkarları yarızarafat, yarıciddi yazdıqları şərhlərlə, atmacalarla həmin binəvanın ciyərlərinə çəkdiyi təmiz havanı az qalır ki, burnundan gətirsinlər...

Türkiyədə təhsil alan qohumum danışıb. Deyir ki, hazırda Antalyada bu sözlər yerli əhalinin dilinin əzbəridir: "Ərəblərin adı çıxıb, para azərilərdədir".

Səbəbini izah etdi. Dedi ki, Antalyaya istirahətə gedən azərbaycanlı turistlər o qədər çox pul xərcləyirlər ki, təkcə türklər deyil, ərəblər, fransızlar, ingilislər, ruslar belə heyrətlərini gizlədə bilmirlər.

Onun sözləridir: "Azərbaycanlıların çoxu sutkası 400-500 dollarlıq otellərdə qalır. Dənizdə 1 saat motosiklet sürmək üçün 300 dollar ödəyir, biri 10 dollara soyutma qarğıdalı yeyirlər. İçdikləri ən ucuz viskinin qiyməti 1 200 dollardan başlayır".

Demək istədiyim odur ki, biz, yəni jurnalistlər, şair və yazıçılar, aktyorlar, aktrisalar, bəstəkarlar, müğənnilər burda bir-birimizin olmayan pulunu sayanda, onlar, yəni bəzi oğru məmurlar, iş adamı qiyafətinə bürünüb qeyri-qanuni yollarla milyonluq tenderləri udan işbazlar orda - Antalyada, Bodrumda, Kuş adasında bir şüşə viski üçün 1 200 dollar sayırlar. Və buna görə də bizi adam saymırlar... /modern.az/

AZİNFORM.AZ





up